Tanınmış alim “şagirdlər üçün pulsuz ictimai nəqliyyat” təşəbbüsü qaldırdı...
Elyar İslamoğlu: “Məktəblilər üçün ictimai nəqliyyatda gediş haqqı tamamilə ləğv edilməlidir”
Filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu “Bakı-Xəbər”ə müraciət edərək, məktəblilərə ictimai nəqliyyatda gediş haqqı ilə bağlı güzəşt tətbiq edilməsi təşəbbüsünü irəli sürdü. E.İslamoğlu bildirdi ki, ictimai nəqliyyatdan istifadə edən məktəblilər adətən sosial cəhətdən elə də imkanlı olmayan ailələrin övladlarıdır və bəzən elə valideyn olur ki, uşaqlarına yol pulu verməyə belə çətinlik çəkir.
İki məktəbli övladı olan E.İslamoğlu qeyd etdi ki, sürücülər əksər hallarda övladlarına gediş haqqı ödəməyə çətinlik çəkən, yaxud buna imkanı olmayan valdeyni camaatın içində pərt edir və ondan gediş haqqı tələb edir.
E.İslamoğlu bildirdi ki, tez-tez “Köhnə Günəşli” qəsəbəsindən “Sədərək” Ticarət Mərkəzinə işləyən E2 ekspres avtobus marşurutunda, eləcə də digər avtobuslarda anoloji hadisələr yaşanır. “Valideynlər məktəbli övladlarına gediş haqqı ödəmədiyi halda sürücünün kobudluğu ilə qarşılaşır, sürücü onlardan ödəniş etməyi tələb edir və bildirir ki, ödəniş edilməyəcəyi təqdirdə avtobus hərəkət etməyəcək.
Bir qayda olaraq, məktəbə gedən şagirddən avtobusda gediş haqqı alınır. Mən ziyalı adamam, aliməm, aldığım maaşla ailəmi güclə dolandırıram, üstəlik də məktəblilərə görə yol xərcləri tələb olunur. Ayda 100 manata qədər uşaqlarım üçün ictimai nəqliyyata pul ödəyirəm. Bu vəziyyətlə əksər valideynlər qarşılaşır və narazılıq edirlər. İctimai nəqliyyatda məktəblilərə güzəşt edilmir. Bu sahədə məktəblilərə niyə güzəşt edilmir?
Uşaq pulu verilmirsə, niyə avtobusda məktəblidən gediş haqqı alınır?
18 yaşına qədər bizim övladlarımızın necə böyüdüyü ilə hazırda aidiyyəti qurumlar maraqlanmır.
Bu mövzu ilə bağlı niyə Milli Məclisdə müzakirə aparılmır?
Valideyn bir uşağı məktəbə aparmaq üçün ən azından 30-60 manat ictimai nəqliyyata gediş haqqı ödəməlidir. İki-üç uşağını məktəbə yola salanların daha çox xərci çıxır.
İctimai nəqliyyatda məktəblilərə güzəşt edilməlidir, onlar bundan azad olunmalıdırlar”-deyə E.İslamoğlu bildirdi.
E.İslamoğlu dedi ki, bu təkcə onun yox, bütün məktəblilərin valideynlərinin istəyidir, uşaqlar üçün gediş haqqı ləğv edilməlidir. “Biz hesab edirik ki, məktəblilər üçün ictimai nəqliyyatda gediş haqqı tamamilə ləğv edilməlidir. Məktəblilər üçün güzəştlərin edilməsi vacibdir. Bu məsələnin aidiyyəti dövlət qurumlarında, eləcə də Milli Məclisdə müzakirəsinə ciddi ehtiyac var. Sahibkarlar günü-gündən ictimai nəqliyyatın qiymətini qaldırır, amma güzəşt etmək yadlarına düşmür. Bu məsələyə dövlətin aidiyyəti qurumlarının reaksiyasını gözləyirik.
İnanıram ki, mənim bu təşəbbüsümə müvafiq dövlət qurumları reaksiya verəcək və ictimai nəqliyyatda məktəblilərə gediş haqqı ilə bağlı güzəştlər ediləcək”.
Qeyd edək ki, bu gün ictimai nəqliyyatda 5 yaşından yuxarı uşaqlara gedişhaqqı ödənilməsi tələb olunur. Konkret olaraq, avtobus şirkətləri ictimai nəqliyyatın salonuna yazıb yapışdırıb ki, 5 yaşından yuxarı uşaqların gediş haqqı ödənilməlidir. Bunu çoxlarımız görmüşük. Təsəvvür edin ki, gün ərzində bir aildən iki, üç, bəzən dörd uşaq məktəbə gedir və valideyn onların hamısına gediş haqqı ödəməlidir, ödəməyə məcbur edilir də.
Təkcə E.İslamoğlu deyil, onunla yanaşı digər bir çox valideynlər şikayət edirlər ki, uşaqları üçün ödəniş etməyəndə sürücü ödəniş olunana qədər avtobusu yerindən tərpətmir ki, ödəniş edin, sonra yolumuza davam edək.
Valideynlər deyirlər ki, belə halla demək olar, hər gün qarşılaşırlar.
Valideynlərin əksəriyyəti bundan narazılıq edir, bəziləri bu narazılığı sosial şəbəkələr vasitəsilə edir, bəziləri isə etirazını sürücü vasitəsilə sahibkara çatdırmağa çalışır.
Valdeynlərin istəyi odur ki, məktəblilər üçün ictimai nəqliyyatda güzəştlər edilsin.
Sonda biz də ümid edirik ki, əlaqədar qurumlar bu təşəbbüsə dəstək verəcək və gərəyi olan adımları atacaq.
İradə SARIYEVA