Təyyarə qəzasında Mahaçqala müəmması - enişə niyə icazə verilməyib?
Pilot onun qəzalı təyyarə ilə dənizə yönəldilməsindən şübhələnib və layneri izləyə bilməsinlər deyə naviqasiya sistemini söndürüb
AZAL-ın "Embraer 190" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan gün hava gəmisinin göyərtəsində oksigen balonunun partladığı barədə məlumat yayıldı. Bu barədə, guya hadisə şahidləri Qazaxıstan nəşri olan "Orda"-ya bildirib.
Saytda qeyd olunurdu ki, partlayış nəticəsində sərnişinlər huşunu itirməyə başlayıb.
Qazaxıstan hökuməti yalnız təyyarə qəzasından sağ çıxan bələdçilərin müsahibəsindən sonra salonda oksigen balonunun partlaması ilə bağlı bəyanatına düzəliş edib.
Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirlik Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsində oksigen balonunun partlaması barədə məlumatı Rostovun uçuş rəhbərindən aldığını açıqlayıb.
Qeyd edilib ki, nazir brifinqdə Rostovun məlumatları əsasında hadisələrin xronologiyasını səsləndirib, bu, istintaqın qənaəti olmayıb.
Xatırladaq ki, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bu barədə qəza bas verən gün danışmışdı. O bildirmişdi ki, saat 10:53-də, yəni təyyarə vurulandan 2 saat 36 dəqiqə sonra Rostov reysinin direktoru Aktau qülləsinin uçuş direktoruna təyyarənin sərnişin salonunda oksigen balonunun partlaması, sərnişinlərin huşunu itirməsi barədə əlavə məlumat verib. Halbuki, təyyarə qəzaya uğrayana qədər laynerin göyərtəsində heç kimin huşunu itirmədiyi salondan çəkilən videolardan da aydın görünür.
Təyyarənin bələdçiləri Zülfüqar Əsədov və Aydan Rəhimlinin, o cümlədən digər sağ qalan sərnişinlərin ifadələrindən bəlli olur ki, salonda oksigen balonunun partlayışı və buna bənzər heç bir hadisə baş verməyib. Qəza anına qədər sərnişinlərdən heç biri huşunu itirməyib.
İndi istintaqın qarşısında duran araşdırılmalı detallardan biri də odur ki, Rostov reysinin direktoru təyyarənin salonunda oksigen balonunun partlaması barədə informasiyanı hardan alıb, bu versiyanı kim uydurub.
Yalniz təyyarə Qroznı hava məkanında zərbə aldıqdan sonra sistem avtomatik olaraq sərnişinlər üçün nəzərdə tutulan oksigen maskalarını aktivləşdirib. Mütəxəssislərin dediyinə görə, adətən təyyarənin daxilində ətraf mühitlə təmas yarananda, yəni hermetikləşmə pozulanda sistem oksigen maskalarını aktivləşdirərək sərnişinlərin üstünə atır. Məlum olduğu kimi, mərmi zərbələri təyyarənin gövdəsində dəliklər açdığına görə sərnişin salonunda atmosferlə təmas yaranib və dərhal sistem oksigen maskalarını aktivləşdirib. Burada əslində qeyri-adi bir şey yoxdur, bu özü laynerin oksigen balonunun sağ-salamat olmasının daha bir sübutu sayıla bilər.
O ki qaldı Mahaçqalada təyyarəyə eniş imkanının verilməməsinə, bu hələ də sirr olaraq qalır. Əgər təyyarəyə eniş imkanı verilsəydi belə, hidravlik sistemi sıradan çıxmış təyyarə normal eniş həyata keçirə bilməzdi. Bu yenə qəza enişi olacaqdı. Amma çox təəssüf ki, Rusiya tərəfi təyyarənin hansısa bir əraziyə qəza enişini təşkil etməkdə maraqlı olmayıb, buna təşəbbüs göstərməyib. Əvəzində təyyarəni 500 km kənarda olan Aktau şəhərinə yönəldib. Üstəgəl, təyyarə Mahaçqala hava limanından imtina xəbəri aldıqdan sonra radarlardan itib. Əgər təyyarənin naviqasiya sistemi Rusiya SQ-nın elektron mubarizə sistemlərinin işə düşməsi nəticəsində sönsəydi, bu hadisə Qroznı üzərində baş verməli idi. Lakin təyyarə Mahaçqaladan enişə mənfi cavab aldıqdan sonra radarlardan itib, yəni naviqasiya sistemini söbdürub. Ona görə də çox güman ki, pilot onun qəzalı təyyarə ilə dənizə yönəldilməsindən şübhələnib və onu izləyə bilməsinlər deyə, naviqasiya sistemini söndürüb. Yalnız Xəzər hövzəsinin Qazaxıstan sahillərinə yaxınlaşdığını təxmin etdikdən sonra pilot naviqasiya sistemini işə salıb.
Akif NƏSİRLİ