Bu qiymətlərə satılan alkoqollu içkilər təhlükəlidir - cərimə olunacaqlar...
Natiq Cəfərli: “Bu qərar bazarda keyfiyyətsiz və insan səhhətinə zərər vuran məhsulların sayını kəskin artıracaq”
Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılmasına görə yeni cərimə müəyyən edilir. Bu, Milli Məclisin ötən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni - 455-1-ci maddəsində əksini tapıb.
Layihəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.
Görəsən, bu qərar sahibkarların xeyrinə olacaq, yoxsa istehlakçıların?
“Alkoqollu içkilərlə bağlı minimum qiymət siyasəti kökündən səhvdir, qiymətlərin tənzimlənməsini bazar iştirakçıları müəyyənləşdirməlidir”
İqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ümumiyyətlə, hansısa satış məhsulu ilə bağlı minimum qiymət müəyyən edilməsi yanlış yanaşmadır: "Alkoqollu içkilərlə bağlı minimum qiymət siyasəti kökündən səhvdir. Qeyd edilir ki, bazarda çox ucuz alkoqollu içkilər var və onlar sağlamlığa zərər verir. Amma bunun səbəbi qiymətin yüksək olması ilə bağlı deyil. Hesab edirəm ki, alkoqollu içkilərin bazara necə daxil olması araşdırılmalı və bunun qarşısı alınmalıdır. Qiyməti artıracaqlar və bu dəfə eyni keyfiyyətsiz məhsullar 2 manata deyil, 3 manata satılacaq. Dəyişən bir şey olmayacaq. İstər ərzaq məhsulları, istərsə də digər məhsulların qiymətini dövlətin müəyyənləşdirməsi 70 illik sovet dövründə keçdiyimiz yoldur. Bu heç bir effekt vermədi, əksinə, sonradan qıtlığa, alverçilərin yaranmasına, keyfiyyətsiz məhsulların bazara çıxmasına səbəb oldu. Bu qərar bazarda keyfiyyətsiz və insan səhhətinə zərər vuran məhsulların sayını kəskin artıracaq. Hesab edirəm ki, qiymətlərin tənzimlənməsini bazar iştirakçıları müəyyənləşdirməlidir. Dövlət ədalətli hakim rolunu oynamalı və bazara çıxarılan keyfiyyətsiz məhsulların yığışdırılmasına çalışmalıdır. Bunun müxtəlif inzibati və hüquqi yolları var”.
Günel CƏLİLOVA