Bəşər Əsədin əmisinin gəlini və qızı saxta pasportla qaçarkən Livanda yaxalandı...
Livan mediası Suriyanın devrilmiş lideri Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşı və qızının Livanda saxlanıldığını yazıb.
Qeyd edilir ki, Əsəd ailəsinin adları açıqlanmayan üzvləri saxta Suriya pasportları ilə Livanı tərk etməyə cəhd edərkən Beyrutdakı Rafik Həriri Beynəlxalq Hava Limanında tutulub.
Bəşər Əsədin əmisi Rifat Əsədin oğlu olan Dureydin ailəsinin əvvəlcədən Livanda yaşayıb-yaşamadığı və ya Əsəd rejiminin devrilməsindən sonra Livana getdiyi məlum deyil.
Məsələ ilə bağlı Livan rəsmiləri heç bir açıqlama verməyib.
Livan təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, Bəşər Əsədin əmisi Rifat Əsəd Livan vasitəsilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qaçıb. Rəsmilər Əsədin bir neçə gün əvvəl Beyrutdan Dubaya uçduğunu bildirib. Mənbələr, bu müddət ərzində təkcə Rifat Əsədin yox, hətta Əsəd ailəsinin bir çox üzvünün də Livanı tərk etdiyini bildirib.
Qeyd edək ki, Bəşər Əsədin əmisi Rifat Əsəd (86) Hafiz Əsədin köməkçisi olub. Beynəlxalq məhkəmələr tərəfindən ona qarşı hərbi cinayətlərə və xüsusən də 1982-ci ildə Hama qırğınına görə ittihamlar irəli sürülüb. O, "Hama qəssabı" kimi də tanınır.
2021-ci ildə Fransada korrupsiya və Suriya dövlət vəsaitlərindən sui- istifadədə təqsirli bilinən Rifat Əsəd 4 il müddətinə azadlıqdan məhrum edilib.
Suriya mətbuatı 2021-ci ildə Bəşər Əsədin əfv qərarından sonra əmisinin Dəməşqə döndüyünü yazıb.
TAHİR