Təyyarə qəzasına görə Rusiya Kiyevi suçlayır, Kiyev ədalətli araşdırma tələb edir...
Cabbar Məmmədov: "Bu tip məsələlər elə incə məsələdir ki, istintaq müddətində hətta bizim hamımızı şoka sala biləcək, heç kimin ağlına gəlməyən, gözlənilməyən tamam başqa versiyalar da ortaya çıxa bilər – bunu müstəntiqlər yaxşı bilir"
AZAL-a məxsus "Embraer 190" təyyarənin Aktau yaxınlığinda qəzaya uğramasından dərhal sonra Rusiya XİN sözçüsü təyyarəyə dron hücumu versiyasını dövriyyəyə buraxmaqla, dolayısı ilə qəzada Ukrayna silahlu qüvvələrini suçlanaga cəhd göstərdi.
Belə ki, son günlər Şimali Qafqaza Ukrayna dronlarının hücumu, demək olar ki, hər gün davam edir. Təyyarə qəzaya uğrayan gün də Çeçenistana dron hücumü müşahidə edilirdi. Lakin təsdiq edildi ki, "Embraer 190" Çeçenistan hava məkanı bağlanmazdan azı 5 dəqiqə əvvəl vurulub. Digər tərəfdən, təyyarənin gövdəsindəki zədələr dron sursatlarının deyil, məhz HHM sistemlərinin sursatlarınin açdıği zədələrdir.
Yəni qəzada Ukrayna silahlı qüvvələrinin günahi təsdiqlənmədi. Əsas səbəb isə Rusiya ilə Ukrayna arasında gedən müharibədir ki, onu da Moskva başladıb.
Məsələ isə bağlı rəsmi Kiyev mövqeini açıqlayıb. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycan Hava Yollarına məxsus təyyarənin Bakı-Qroznı reysini yerinə yetirərkən Aktauda qəzaya uğraması ilə bağlı bildirib ki, Rusiya mətbuatı qəzanın səbəbləri ilə bağlı yalan məlumat yayıb və böyük ehtimalla, cinayətlərinin sübutunu gizlətmək üçün zədələnmiş təyyarəni dənizdən keçməyə məcbur edib.
Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması dəhşətli hadisədir.
Biz günahkarların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün ədalətli və qərəzsiz araşdırma tələb edirik. Biz Rusiyanın yalan danışmasına, məsuliyyətdən yayınmasına və təqsirdən yayınmasına imkan verməməliyik"
"Uçuşun və enişin idarəolunmaz vəziyyətə gəldiyini görüb, komandir özü dənizə enmək qərarı verib..."
Məsələ ilə bağlı baki-xeber.com saytı siyasi araşdırmaçı, "Diplomatik psixologiya" kitabının müəllifi Cabbar Məmmədova bir neçə sual ünvanlayıb.
- Cabbar bəy, Bakı-Qroznı reysi ilə uçan təyyarəmizin Rusiya HHQ tərəfindən vurulmasını necə qiymətləndirirsiniz? Bunu Türkiyənin Suriyada Rusiya üzərində qələbəsinə cavab olaraq Rusiyanın Türkiyəni cəzalandırılması faktı kimi dəyərləndirmək olarmı – nəzərə alaraq ki, Azərbaycan Türkiyənin əzizi, doğmasıdır?
- Hər 2 məsələ ilə bağlı cavab birmənalı olaraq “xeyr”dir. Əvvəla Rusiyanı Suriyadan Türkiyə çıxarmayıb, o özü hansısa gizli razılaşmanın nəticəsi kimi könüllü olaraq oranı tərk edib və Türkiyə də onun orada boş qalmış mövqelərini tutub, yəni onu zorla çıxaran olmayıb. İkincisi isə, təyyarəmizin vurulmasını həqiqətən təsadüf hesab edirəm, mən burada hər hansı qərəz, məqsədli addım görmürəm.
- Yəni demək istəyirsiniz ki, kosmosdan hətta kimin öz evində nə etdiyini belə görən Rusiya o boyda mülki təyyarəni hərbi təyyarədən ayırd edə bilməyib və səhvə yol verib?
- Təyyarənin sağ qalan ekipaj üzvlərinin və digər sərnişinlərinin bu müddətdə yayılan müsahibələrini, həmçinin onların fikirləri ilə üst-üstə düşən və buna görə də həqiqiliyi şübhə doğurmayan yayılmış stenoqram yazısını ətraflı araçdıranda görmək olur ki, təyyarənin nə Qroznı aereportuna, nə də yaxınlıqdakı digər aeroportlara enişinə Rusiya tərəfdən hər hansı maneə olmayıb. Sadəcə, Qroznıda enişə hava şəraiti mane olub və təyyarə komandiri təlimata uyğun olaraq digər aeroporta üz tutub. Belə desək, qabaqcadan razılaşdırılmış marşrutu qəfildən dəyişib və beləliklə də “minalı” sahəyə daxil olub. Nəzərə alsaq ki, o zona onsuz da hərbi baxımdan risqli ərazidir və həmin gün də 20-25 dəqiqə əvvəl o əraziyə Ukrayna dronları hücum etdiyi üçün hələ də HHM sistemleri 1 nömrəli hərbi vəziyyətə gətirilmişdi, o zaman Bakı-Qroznı marşrutundan çox kənarda gözlənilməyən hansısa bir uçan obyektin radarlara düşməsinin “ştatdankənar” vəziyyət olduğunu anlamaq olur. Və xüsusi olaraq onu da nəzərə almaq lazımdır ki, bugünkü HHM kompleksləri 90% halda avtomatik rejimdə fəaliyyət göstərir. Çünki neçə kilometr yüksəklikdə uçan obyektin nə olmasını adi insan gözü nə görə bilər, nə də görsə də zenit raketlərini təcili olaraq ona tuşlamağa vaxtı, qabiliyyəti çatar. Bu səbəbdən də, yaranmış “ştatdankənar” vəziyyətdə Rusiyanın Çeçenistanda yerləşdirdiyi HHM komplekslərinin avtomatik rejimdə işə düşüb atəş açması mümkündür.
- Bəs Rusiya tərəfinin izləri itirmək üçün təyyarəmizi qəsdən dənizə sarı yönəltməsi barədə nə deyərdiniz?
- Bələdçilərin də dediyindən aydın olur ki, heç kim onları qəsdən dənizə yönəltməyib. Uçuşun və enişin idarəolunmaz vəziyyətə gəldiyini görüb, komandir özü dənizə enmək qərarı verib, lakin ola bilsin, dənizə yaxınlaşanda radielektron mübarizə qurğularının təsirindən çıxdıqları üçün təyyarənin naviqasiya sistemi işə düşüb və komandir artıq idarəçiliyin qismən bərpa olunduğunu görüb, quruya eniş edə biləcəyinə inanıb və Aktauya sarı uçub. Ola da bilər, ilk anda quş dəstəsi ilə toqquşduqlarını düşünsələr də, sonra raket zərbəsindən də şübhələniblər və buna görə istənilən halda buradan mümkün qədər uzaqlaşmaq istəyiblər.
- Bəs niyə Rusiya tərəfi ilk gündən ancaq fikirləri raket zərbəsindən yayındırmaq üzərində çalışır, bunu gah dron hücumu, gah quşla toqquşma kimi cəmiyyətə çatdırmaq istəyir?
- Mən Rusiya rəsmilərinin belə fikrinə rast gəlməmişəm. Bu, ayrı-ayrı şəxslərin versiyası olub. Rusiya rəsmilərinin sözçüsü Mariya Zaxarova ilk gündən bunun HHM sisteminin səhvi ola biləcəyini rəsmən bəyan edib.
- Bəs belədirsə Rusiya tərəfi nəyə görə hələ də Azərbaycandan üzr istəməyib?
- Bilirsiniz, ortada hələ heç bir rəsmi qərar yoxdur ki, təyyarəni həqiqətən Rusiya raketləri vurub, yoxsa terror qruplaşmaları vurub. Necə ki, hətta 1000 insanın gözü qarşısında 100 adamı öldürmüş insana məhkəmə qərarı olmadan kiminsə “cinayətkar” deməsi düzgün sayılmır, burada da prosedur qayda belədir ki, ortada komissiyaların rəsmi qərarı olmayınca, rəsmi şəxslər nəsə deyə bilməz. Bu tip məsələlər elə incə məsələdir ki, istintaq müddətində hətta bizim hamımızı şoka sala biləcək, heç kimin ağlına gəlməyən, gözlənilməyən tamam başqa versiyalar da ortaya çıxa bilər - bunu müstəntiqlər yaxşı bilir. Yəni üzrxahlıq məsələsi komissiyaların qərarından sonra olur, əvvəl yox.
Akif NƏSİRLİ