Sosial şəbəkələrdə “Rusiya, Azərbaycandan üzr istə” kampaniyası başlayıb...
Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin səhvən də olsa Rusiya hərbi hava qüvvələri tərəfindən vurulması təsdiqlənir.
Bu arada Azərbaycan sosial şəbəkə seqmentində qəza ilə bağlı “Rusiya, üzr istə!” başlıqlı kampaniya başladılıb.
Eyni zamanda AZAL təyyarəsinin Rusiya HHM tərəfindən vurulmasına görə azərbaycanlı sosial şəbəkə istifadəçiləri Rusiya XİN-nin instaqram hesabına kütləvi şəkildə "#Rusiyaüzristə" yazmağa başlayıblar.
Mübariz Göyüşlü: “İctimaiyyətimiz haqlıdır, Rusiya Azərbaycandan üzr istəməli və kompensasiya ödəməlidir”
Sosial şəbəkə seqmentində başlanan ictimai kampaniyaya şərh verən Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan sosial şəbəkə seqmentində qəza ilə bağlı “Rusiya, üzr istə!” başlıqlı kampaniyanın keçirilməsi tamamilə doğru addımdır. Bunun Azərbaycan ictimaiyyətinin tələbi olduğunu deyən M.Göyüşlü hesab edir ki, hadisəyə görə Rusiya məsuliyyəti öz üzərinə götürməli və gərəyi olan addımı atmalıdır: “Hesab edirəm ki, Azərbaycan ictimaiyyətinin sosial şəbəkə seqmentlərində belə bir kamaniyaya başlaması əsassız deyil. İctimaiyyətimiz haqlıdır, Rusiya Azərbaycandan üzr istəməli və kompensasiya ödəməlidir. Dünyada belə təcrübə var və başqa ölkələr belə hadisələr baş verəndə hansı addımı atırsa biz də Rusiyadan o davranışı gözləyirik. Hesab edirəm ki, Rusiya prezidenti Vladimr Putin Azərbaycan və Rusiya dövlətlərinin müttəfiqlik münasibətləri ruhuna uyğun davranış göstərəcək. Böyük səhv olub, yanlışlıq olub, böyük bir faciə baş verib və bu faktı ört-basdır etmək edilən səhvdən daha böyük yanlış olardı. Daha kəskin desək, hətta cinayətdir”.
M.Göyüşlü əlavə etdi ki, Azərbaycan sosial şəbəkə istifadəçilərinin məqsədi Rusiyanın üzr istəməsinə nail olmaqdır və Rusiya bunu etməlidir: “Rusiya dövləti bizim sosial şəbəkə istifadəçilərinin, ictimaiyyətimizin haqlı tələblərinə cavab verən addımı atmalıdır, öz üzərinə düşəni etməlidir. Eyni zamanda da bu cinayəti törədənlər cəzalandırılmalıdır”.
Azərbaycan cəmiyyətinin sosial şəbəkə seqmnetlərində həyata keçirdiyi “Rusiya, üzr istə!” çağırışını ciddi şəkildə dəstəklədiyini deyən M.Göyüşlü hesab edir ki, Rusiya tərəfindən lazımı addımlar atılacaq. “Sosial şəbəkə seqmentləri üzərindən aparılan bu kampaniyanı bir Azərbaycan vətəndaşı olaraq mən də dəstəkləyirəm”-deyə M.Göyüşlü vurğuladı.
Rauf Zeyni: “Rusiya Federasiyasının rəhbərliyi bu faciəyə, bu prosesə münasibət bildirməlidir”
Müstəqil ekspert Rauf Zeyni isə bildirdi ki, azadlıq, müstəqillik, söz azadlığı dövrüdür və istənilən şəxs sosial şəbəkədə öz fikirini bildirə bilər, bildirirlər də. “Bəli, insanlar artıq məlumat alıblar ki, AZAL-a məxsus sərnişin təyyarərəsini Rusiyanın Hava Hücumundan Müdafiə qüvvələri raketlə vurub. Amma bütün bunlarla bərabər hər hansı bir fikir bildirmək insanların azadlığı, sərbəstliyidir. Ancaq dövlət komissiyasının yekun qərarı qəbul olunandan, yekun rəy ictimaiyyətə təqdim edildikdən sonra daha ciddi və daha sanballı səviyyədə müraciətlər oluna bilər. Rusiya Federasiyasının rəhbərliyi bu faciəyə, bu prosesə münasibət bildirməlidir. Onlar özləri də hər şeyi yaxşı bilirlər, yaxşı təhlil edirlər. Məlum hadisəyə görə Rusiya rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir. Yenə də deyirəm, komissiyanın rəyi olmalıdır. Komissiyanın rəyi nəyə görə olmalıdır? Çünki burda təzminatın ödənilməsi, eyni zamanda beynəlxalq konvensiyaların pozulması ilə bağlı dəlil-sübut ortaya çıxandan, bütün bu məsələlər təsdiq olunandan sonra buna münasibət bildirmək daha səlis və daha konkret olacaq. Bu çox ciddi məsələdir. İndi isə, sadəcə olaraq, ictimaiyyət öz fikrini bildirir və öz mövqeyini bildirməkdə azaddır. Təbii ki, əsaslar olmadan da bu qədər ictimai rəy formalaşmır. İctimai rəy formalaşıbsa, deməli bir neçə mənbədən alınan informasiya əsasında formalaşıb”.
R.Zeyninin fikrincə, ona görə də, ictimaiyyət də əsasən üzr tələb edir, bunu düzgün tələb edir, bu da əlbəttə, zamanında öz qiymətini alacaq. “Mən hər halda Azərbaycan ictimaiyyətinə sosial media, yaxud başqa bir resursda belə bir tələb səsləndirdiyi üçün minnətdarlığımı bildirirəm ki, onlar heç bir hadisəyə biganə qalmırlar, o cümlədən də təyyarə faciəsinə. Düşünürəm ki, onların haqlı tələbləri zamanında öz yerini alacaq” - deyə R.Zeyni əlavə etdi.
İradə SARIYEVA