"Təyyarə qəzasının əsl səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır" - Baş prokuror
Hazırda İstintaq idarəsi tərəfindən AZAL-ın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir.
Bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluğun fəaliyyət istiqamətləri üzrə cari il ərzində görülmüş işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclasında deyib.
"Hadisə baş verdikdən sonra Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılmış və hazırda İstintaq idarəsi tərəfindən genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir. Bundan əlavə aidiyyəti dövlət qurumları, habelə Qazaxıstan Respublikası, Rusiya Federasiyası, Braziliya Federativ Respublikasının prokurorluq orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində hadisənin baş verməsinin əsl səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır və qısa müddət ərzində bu istiqamətdə konkret nəticələrin əldə edilməsi təmin olunacaqdır", - K.Əliyev bildirib.