Milli təhsil proqramlarında süni intellekt və media-informasiya savadlılığı...
Media savadlılığı - savadlılığın genişləndirilmiş konseptuallaşdırılmasıdır ki, bura media mesajlarına daxil olmaq və təhlil etmək, eləcə də dünyada dəyişiklik etmək üçün informasiya və kommunikasiyanın gücündən istifadə etməklə yaratmaq, əks etdirmək və hərəkətə keçmək bacarığı daxildir.
Media savadlılığı bir mühitlə məhdudlaşmır, iş, həyat və vətəndaşlıq üçün vacib olan səriştələr toplusu kimi başa düşülür. Media savadlılığı təhsili media savadlılığı səriştələrini inkişaf etdirmək üçün istifadə olunan prosesdir. Bu, medianın təsiri barədə məlumatlılığın artırılması ilə yanaşı, medianın həm istehlakı, həm də yaradılması istiqamətində fəal mövqe yaratmaq məqsədi daşıyır. Media savadlılığı təhsili ABŞ və bəzi Avropa İttifaqı ölkələrində kurrikulumun bir hissəsidir. Media alimləri və pedaqoqlarından ibarət fənlərarası qlobal birlik bilik, elmi və peşəkar jurnallar, milli üzvlük assosiasiyaları ilə məşğul olur.
Media savadlılığı ənənəvi çap olunmayan mətndən kənara çıxır
Media savadlılığı üçün təhsil adətən insanları izlədikləri, eşitdikləri və oxuduqları şeylər haqqında suallar verməyə təşviq edən sorğuya əsaslanan pedaqoji modeldən istifadə edir. Media savadlılığı ənənəvi çap olunmayan mətndən kənara çıxır və daha müasir mənbələri tədqiq etməyə yönəlir. Media savadlılığının bəzi nümunələrinə televiziya, videooyunlar, fotoşəkillər və audio mesajlar daxildir, lakin bunlarla məhdudlaşmır. Media savadlılığı təhsili insanlara mesajları tənqidi formada təhlil etmək üçün qəbuledici media qabiliyyətini inkişaf etdirməyə kömək edən alətlər təqdim edir, öyrənənlərə media ilə bağlı təcrübələrini genişləndirmək üçün imkanlar təklif edir və öz media mesajlarını hazırlamaqda yaradıcı bacarıqları artırmaq üçün generativ media imkanlarını inkişaf etdirməyə kömək edir. Tənqidi təhlillərə müəllifin məqsəd və baxış bucağının müəyyən edilməsi, konstruksiya texnikası və janrlarının tədqiqi, media təmsilçiliyi nümunələrinin tədqiqi, xəbərlər və ictimai işlərlə bağlı proqramlaşdırmada təbliğat, senzura və qərəzliyi aşkar etmək daxil ola bilər. Media savadlılığı təhsili media mülkiyyəti və ya onun maliyyələşdirmə modeli kimi struktur xüsusiyyətlərin təqdim olunan məlumatlara necə təsir etdiyini araşdıra bilər.
Təhsil proqramlarında süni intellektlə bağlı mövzular olmalıdır
Media savadlılığı təhsilinin əsas prinsiplərində müəyyən edildiyi kimi, media savadlılığı təhsilinin məqsədi hər yaşda olan fərdlərin müasir dünyada tənqidi düşünən, effektiv ünsiyyət quran və fəal vətəndaş olmaq üçün lazım olan sorğu vərdişlərini və ifadə bacarıqlarını inkişaf etdirmələrinə kömək etməkdir. Media savadlılığı ilə bağlı təhsil, daha tənqidi təfəkkür və anlayışların, mətnlərin daha dərin təhlili və sorğulanması ətrafında pedaqogika inkişaf etdirməklə uşaq yaşlarında başlaya bilər. Şagirdlərin yaşları artdıqca və yetkinliyə qədəm qoyduqca media savadının öyrənilməsindən istifadə mediada etik və texniki standartların müəyyən edilməsində, eləcə də medianın onların idrak, sosial və emosional ehtiyacları ilə necə əlaqəli olduğunu başa düşməkdə təsirli olur. Bütün bu deyilənlərin fonunda maraqlıdır, təhsil proqramlarında süni intellekt və media-informasiya savadlılığı məsələlərininin perspektivini ekspertlər necə dəyərləndirir? Təhsil proqramları bu məsələdə nə kimi rola malik ola bilər? Bu sahədə proqramlara yenidən baxılsa, bu, Azərbaycan təhsilinin keyfiyyətinə, səviyyəsinə necə təsir göstərəcək?
Birinci növbədə təhsildəki problemləri həll etmək, sonra süni intellektə keçmək lazımdır
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, təhsillə bağlı görüləsi işlər çoxdur. Elm və Təhsil Nazirliyində gənc işçiləri kabinetdə oturub müxtəlif ölkələrin təcrübəsini öyrənərək müsahibələr verirlər, təkliflər verirlər. Ancaq Azərbaycanda hələ ki, təhsil sahəsində ciddi problemlər olduğuna görə, süni intellekt və media savadlılığı məsələsi gələcəyin işidir. Bununla bağlı bizdə görüləsi işlər hələ çoxdur. Çünki orta məktəb proqramlarına və məktəblərdəki təhsilə baxsaq görərik ki, çox ciddi işlərin görülməsinə ehtiyac var. Çünki orta məktəbdə, əsasən yuxarı siniflərdə demək olar şagirdlər məktəbdən çox repetitor yanına gedirlər. Bu da ümumi orta təhsilə böyük zərbə vurur. Bəzi məktəblərdə uşaqlar dərsə getmir, amma jurnal yazılır. Ona görə də birinci bu problemləri həll etmək lazımdır, sonra təhsildə süni intellektlə bağlı proqramlar üzərində işləmək lazımdır. Ali məktəblərimizi də dünya universitetləri ilə müqayisə etdikdə biz görürük ki, çox geridəyik. Düzdür, bəzi ali məktəblər beynəlxalq reytinqlərdə yer alırlar, amma bu, yetərli deyil. Ona görə də birinci növbədə təhsildəki problemləri həll etmək lazımdır. Ən başlıcası, universitetlərdə kvota məsələsi həll edilməlidir. Yəni 30 və yaxud da 60 saatlıq dərsdirsə, tələbə 8 və yaxud 10 saat dərsə gəlmirsə, imtahana buraxılmır. Tələbələr bir sıra hallarda qayıb limitinə görə dərsə gəlir. O limiti keçən imtahana buraxılmır. O limit olmasa, onların dərsə gəlmə faizi həddən artıq aşağı düşə bilər. Ona görə də birinci növbədə tələbələrə aşılamalıyıq ki, qayıb limitinə, qiymət almağa görə dərsə yox, savad almağa görə gəlsinlər. Yəni onlar maraqlı olsunlar ki, gəlib ali məktəblərdə savad alsınlar. Deməyim odur ki, bütün bu problemlər həll ediləndən sonra Azərbaycanda süni intellekt və media savadlılığı proqramlara salına bilər. Yaxud da əlavə dərs kimi bununla məşğul olmaq olar”.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.