26 azərbaycanlımın əsl QATİLİ KİMDİR?
Putinmi, Kadırovmu, yoxsa başqaları?
2024-ün son günləri bizi əməllicə kədərə boğdu. 26 Azərbaycan vətəndaşı Çeçenistandakı cinayətkar cəlladların bilərəkdən təyyarəmizi hədəfə alması ilə faciəli şəkildə həyatla vidalaşdılar. Bəli, məhz CİNAYƏTKAR CƏLLADLAR! Məhz bu cəlladlar böyük arzuları olan gəncləri, yeni ili yaxınları ilə keçirmək üçün, doğmalarına baş çəkmək istəyi ilə yola çıxan insanları yandırıb məhv etdilər... Bu günahsız, məsum insanlar Qroznudakı cinayətkar, özbaşına hərəkət edən cəlladların “qəhrəmanlıqlarının” qurbanı oldular. Bilmirəm, müki Azərbaycan təyyarəsinin Qroznu üzərində vurulmasını hansı alçaq, insanlıq düşməni olan birisi əmr edib - mənim üçün artıq 26 nəfər vətəndaşımı itirəndən sonra bu cəlladın kimliyi o qədər də önəmli deyil. Mənim üçün vacib məqam şəxsən Vladimir Putinin məsələyə susqunluğu, sanki heç nə olmayıbmış kimi hərəkət etməsidir. Dünyanın iki supergücündən biri sayılan Rusiyanın rəhbəri Kremldəki kabinetində otura-otura mülki Azərbaycan təyyarəsinin necə vurulmasını əla bilir.
O, hər şey haqqında dəqiq məlumata sahibdir. Yoxsa bircə saat belə Rusiyada hökmranlıq edə bilməz.
Amma V.Putinin MDB Sammitində özünü gülünc şəkildə “soyuqqanlı” aparması, 26 nəfər dinc insanın qanına qəltan edildiyi təyyarə cinayətini sanki sıradan bir qəza kimi ciddiyə almaması, bir neçə versiyanı da göz önünə gətirir. Ya V.Putin artıq illərdir hakimiyyət sistemində bəsləyib formalaşdırdığı cinayətkar qruplaşmalara nəzarət etmək imkanını itirib, ya Rusiyanın federasiya subyektlərində “it yiyəsini” tanımır, ya Ukrayna Rusiyanı elə küncə sıxıb ki, artıq normal dövlət imicindən çıxıb hava səmasında qaranquşlara da güllə atacaq həddə çatıb. Bəlkə keçmiş KQB generalı sadəcə Azərbaycandan üzr istəyib hesab verməyi özünə “yaraşdırmır”? Amma ən vacibi - bəlkə Kreml sahibindən Azərbaycana şifrəli xəbərdarlıq?. Gəlin bütün bu versiyalara səbrlə nəzər yetirək.
Neçə illərdir mətbuatda olan, ictimai-siyasi prosesləri izləyən biri kimi bu qənaətdəyəm ki, hazırda Qərbin topunun ağzında olan V.Putin şəxsən bu addıma razılıq verə bilməz. Hə, əgər Azərbaycana qarşı şəxsən şifrəli XƏBƏRDARLIQ “ehtiyacı” duymayıbsa! Çünki Gürcüstan və Ermənistanın anti-Rusiya etirazları ilə çalxalandığı, Cənubu Qafqazda Rusiya əleyhinə nifrətin od püskürdüyü bir vaxtda Kreml sahibinin MDB-də tək-tük mehriban münasibətlərə sahib olduğu Azərbaycanın mülki təyyarəsini məhv etmək tapşırğı ağlabatan deyil. Bu, ilk növbədə V.Putinin özünün siyasi intiharı olardı. Onsuz da nüfuzlu dünya mediasında minlərlə dinc ukraynalının qətlində ittiham olunaraq “Ukrayna cəlladı” kimi ad çıxaran V.Putinin belə bir vaxtda bu addımı atması mümkünsüz görünür. Heç bir səbəb olmadan mülki təyyarəni vurub onsuz da üzərində olan beynəlxalq təzyqləri daha da artırmaq heç vaxt Rusiya liderinə sərf edəsi variant deyil. Praqmatik siyasətlə düşünsək, onda bu qəsdli faciənin qatilini V.Putin komandasında axtarmalı olacayıq. Özü də Çeçenistanda! Bəs, Qroznu üzərində Azərbaycan mülki təyyarəsini vurandan sonra heç olmasa onun eniş etməsinə belə icazə verməyən, 67 günahsız insanı bilə-bilə, QƏSDLİ şəkildə ölümün ağuşuna atan o CƏLLAD KİMDİR?
Əlbətdə, əsas versiya illərdir V.Putinin “ərköyün övladı” kimi Çeçenistanda at oynadan, böyük çeçen xalqının dəyərlərini məhv edən, şəxsi düşmənlərini Qroznudakı vəhşi pələnglərinə yedizdirən, adı Rusiyada bir sıra sifarişli qətllərdə hallandırılan Ramzan Kadırov üzərində cəmləşir. Çeçenistanda feodal cəngəllik yaradan, daima etdiyi mənfi hərəkətlərlə Rusiyada qıcıq yaradan bu şəxs, Rusiyanın ən kiçik federasiya subyektində özünü ən böyük “padişah” kimi aparır, Rusiyanın nazirlərini ələ salır, təhqir edir, istədiyi qanunsuzluğu icra edir, bu azmış kimi digər ölkələrə belə “dil uzadır”.
Bölgədə V.Putinin “silləvuranı” kimi ad çıxaran bu adam belə görünür ki, artıq idarəolunmaz həddə çatıb və birbaşa arxalandığı, güvəndiyi V.Putinin özü üçün ciddi başağrısına çevrilməkdədir. Çünki Azərbaycan mülki təyyarəsinin vurulduğu gün Qroznu səmasında daha bir neçə hədəf vurulub və daha sonra Çeçenistanın hava təhlükəsizliyinə məsul olan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov mükafatlandırılıb. Özü də şəxsən R.Kadırov tərəfindən. Məgər feodal ailə təsərüfatı kimi idarə olunan bu federasiya subyektində mülki təyyarə ilə Ukrayna PUA-larını ayırd edən orta səviyyəli savad sahibi yox idi? Heç olmasa nədən qəzalı təyyarənin Qroznı və ətraf ərazilərə eniş etməsinə icazə verilməyib? Məgər həmin gün mülki aviareys barədə Qroznu aeroportunda “məlumatsız” olublar? Yoxsa 26 nəfər dinc azərbaycanlı R.Kadırovun Çeçenistanda yaratdığı ailə rejiminin ərköyünlüyünün qanlı qurbanı olub? Bu təyyarə faciəsi şəxsən V.Putin üçün böyük başağrısı olacaq, burası qaçılmazdır. Amma təkcə V.Putin üçünmü? Qətiyyən! Bu hadisə həm də bütün Rusiyanı boğaza yığan R.Kadırovun da sonunu gətirəcək. Çünki hazırda Rusiya elitasında bu adama şəxsi nifrət bəsləyən arzulamadığı qədər məmur var və üstəlik Rusiya cəmiyyəti də bu adamdan cana doyub. Bu gün R.Kadırov həm də V.Putin səltənətini corab kimi sökür. Bu həm də o deməkdir ki, V.Putinin illərdir əl üstündə saxladığı və bu gün Rusiyanı məhv edən kriminal məmur ünsürləri onun rejimini çökdürən “motora” çevrilir...
Mətləb Salahov