Məşhur biznesmen Kollecin təyinatını dəyişmək istəyir - qanun nə deyir?
Mehman Muradlı: “Müəssisənin ərazisi satışa çıxarılırsa həmin kollec və ya hansısa mülkiyyətin statusu ləğv olunur, satış bu formada həyata keçirilir”
Sosial mediada yayılan məlumata görə, tikinti maqnatı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) kollec alıb. Məlumata görə, İsfəndiyar Axundov Azərbaycan Tətbiqi Elmlər Kollecinin sahibinə çevrilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarında da Azərbaycan Tətbiqi Elmlər Kollecinin qanuni təmsilçisi kimi tikinti maqnatının adı qeyd edilib. O, bu ilin martından kollecin qanuni təmsilçisidir. Onu da bildirək ki, hazırda sözügedən kollec fəaliyyət göstərmir.
Təhsil müəssisəsinin ərazisi satılırsa onun təyinatının dəyişəcəyi də artıq bəllidir. Ancaq maraqlıdır, qanun nə dərəcədə imkan verir ki, bu tip təhsil müəssisələrinin özəlləşmədən sonra təyinatı dəyişsin?
“Təhsil müəssisəsinin təyinatı əvvəlcədən dəyişdirilir, sonra həmin yer satışa çıxarılır, təyinat dəyişməsə heç kim kollecin ərazisini ala bilməz”
Tanınmış hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əksər kolleclərin təşkilat hüquq forması MMC-dir. Bu tip təhsil müəssisələri MMC olsa da təhsil qanuni ilə tənzimlənir: “Təhsil Haqqında Qanuna əsasən, kolleclərin təsisçisi Elm və Təhsil Nazirliyi də ola bilər və ya başqa bir qurum da. Belə olan halda həmin kollecin ərazisi də dövlətə məxsus olur. Məlumat üçün deyim ki, müəssisənin ərazisi satışa çıxarılırsa həmin kollec və ya hansısa mülkiyyətin statusu ləğv olunur. Satış bu formada həyata keçirilir. Onu da deyim ki, təhsil müəssisəsinin təyinatı əvvəlcədən dəyişdirilir ki, adıçəkilən yer satışa çıxarılır. Təyinat dəyişməsə heç kim kollecin ərazisini nə ala, nə də sata bilər. Təyinat dəyişəndən sonra istənilən sahibkar həmin yeri alıb, istədiyi formada işlədə bilər”.
Günel CƏLİLOVA