Bank sektorunda inhisarçılığın müştərilər üçün fəsadları artır...
Əkrəm Həsənov: “Bu artımın təsiri banklara olacaq, gəlirləri daha çox olacaq”
Mərkəzi Bank bankomatlar vasitəsilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı haqların aşağı salındığını bildirib. Bu, xüsusən digər bankların bankomatlarından nağdlaşdırma zamanı xərcləri azaldacaq.
Lakin bir sıra banklar gələn aydan SMS xəbərdarlıq tarifini 2.5 dəfə artırmaqla bağlı qərar veriblər. Əvəllər 40 qəpiyə olan bu xidmət gələn aydan 1 manat olacaq.
Qeyd edək ki, son zamanlar rabitə tariflərində hər hansı artım yoxdur, əksinə, texnologiyanın yeniləşməsi sms göndərmənin maya dəyərini xeyli aşağı salıb. Belə olan halda sms xəbərdarlıq xidmətinin 1 manata qaldırılması nə dərəcədə düzgündür?
“Sistem əhəmiyyətli inhisarçı banklar da belə addımlar atırlar, düzgün deyil, artım olması üçün əsas görmürəm”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Mərkəzi Bank bankların qiymət siyasətinə qarışa bilməz. Banklar özəl kommersiya təşkilatlarıdır: “Banklar Haqqında” Qanuna görə, tarifləri, faiz dərəcələrini banklar müştərilərlə bağladıqları müqavilələrdə özləri tənzimləyirlər. Mərkəzi Bank onlara bu barədə göstəriş verə bilməz. Mərkəzi Bankın işi bankların qanunauyğun fəaliyyəti üzərində nəzarəti həyata keçirməkdən ibarətdir. Dövlət bu məsələyə qarışmaq istəyirsə, bunu Mərkəzi Bank deyil, parlament etməlidir, özü də qanuna dəyişiklik yolu ilə. Parlament qanunda göstərə bilər ki, filan əməliyyatın dəyəri bu qədərdir və s. "Bu nə dərəcədə doğrudur” məsələsi isə açıq qalır. Bazar iqtisadiyyatı şəraitində belə etmirlər. Bank sektorunda rəqabət get-gedə azalır. Məlumdur ki, bu gün ölkədə 23 bank fəaliyyət göstərir. Bu baxımdan, bank sektoru inhisardadır və buna görə qiymətləri tənzimləmək lazımdır”.
Ə.Həsənov hesab edir ki, tarifin artırılması sünidir: “Bu, konkret olaraq süni artımdır. Bazarda kartofun və ya ətin qiyməti qalxanda artımı süni adlandırırlar. Əslində, o zaman süni qiymət artımı baş vermir. Çünki bazarda kartof və ət satanların sayı çoxdur, qiymət artımı ola bilər. Amma bankların sayı azdır. Banklar, təbii ki, sövdələşə bilərlər. Tarif artırılması yolverilməzdir. Tarifin artırılmasına ehtiyacın olub-olmadığını bazar göstərməlidir. Birləşərək ediblərsə, sünidir. Azərbaycanda onsuz da bank bazarı get-gedə inhisarlaşır. Sistem əhəmiyyətli inhisarçı banklar da belə addımlar atırlar. Düzgün deyil. Artım olması üçün əsas görmürəm”.
Ekspertin fikrincə, bu artımın təsiri banklara olacaq. Bankların gəlirləri daha çox olacaq. Mənfi tərəfi isə bank xidmətlərinin istehlakçıları üçündür. Onlar üçün bank xidmətləri daha baha olacaq.
Günel CƏLİLOVA