Azərbaycan UNESCO-nun vitse-prezidentliyində - fransızlar partlayır...
Ceyhun Məmmədov: "Ermənipərəst qüvvələrin və ermənilərin narahatlığı ondan ibarətdir ki..."
Parisdə UNESCO-nun Baş Konfransının 42-ci sessiyasının başlandığı 7 noyabr tarixində Azərbaycan UNESCO-nun Baş Konfransının vitse-prezidenti seçilib.
Qeyd edək ki, UNESCO-nun Baş Konfransının 42-ci sessiyası noyabrın 22-də başa çatacaq. Azərbaycanın UNESCO Baş Konfransının vitse-prezidenti seçilməsi ermənipərəst qüvvələri xüsusi olaraq narahat edir. Erməni yalanına, saxtakarlığına dəstək verməkdə ad çıxaran fransızlar bundan yaman narahat olublar. Məsələn, “Le Figaro” jurnalının direktor müavini Jan-Kristof Buisson bundan o qədər narahat olub ki, nəticədə sərsəmləməyə başlayıb. Buisson özünün X hesabında hədyanlar yazıb və Azərbaycanın UNESKO-nun vitse-prezidenti seçilməsini "biabırçılıq" adlandırıb.
Bununla kifayətlənməyən Buisson Azərbaycanın bu mötəbər vəzifəyə seçilməsinə görə UNESCO-nu da ittiham etməkdən çəkinməyib. O yenə də nimdaş, yanlış iddialar ortaya qoyub, yenə "ac-yalavac" ermənilərdən bəhs edib. Deyir ki, UNESCO Azərbaycanı "blokadaya" görə qınamayıb, üstəlik, UNESCO Baş Konfransının vitse-prezidenti seçib.
Azərbaycanın UNESCO-nun xətti ilə dünyanın müxtəlif ölkələrində mədəni irsin bərpasına verdiyi dəstək misilsizdir, bu baxımdan ölkəmizin seçilməsi təəccüblə, hansısa narazılıqla, qərəzlə qarşılanmalı deyil.
Azərbaycanın UNESCO-nun Baş Konfransının vitse-prezidenti seçilməsi Fransadakı müəyyən qüvvələri niyə narahat edir? Onlar bunu niyə həzm edə bilmirlər?
"Azərbaycanın seçilməsi bizim bütün proseslərin bilavasitə içində olmağımıza şərait yaradır, eyni zamanda bu, haqqın-ədalətin bərqərar olmasına töhfə verə bilər"
Millət vəkili Ceyhun Məmmədov "Bakı-Xəbər"ə şərhində "Bu onu göstərir ki, Ermənistan hələ də Azərbaycana qarşı düşmənçiliyi və təxribatı davam etdirmək niyyətindədir. Azərbaycandakı prosesləri çox diqqətlə izləyirlər. Əlbəttə, Azərbaycanın UNESCO-nun Baş Konfransının vitse-prezidenti seçilməsi dövlətimizin böyük uğurudur. Ən azından bu, Azərbaycana qarşı ədalətsizliyin, ikili standartların, qərarların aradan qaldırılması prosesinə töhfə verə bilər.
Ermənipərəst qüvvələrin və ermənilərin narahatlığı isə ondan ibarətdir ki, bu onların uzun illərdir apardıqları saxtakarlığın, eləcə də dağıntıların və digər hadisələrin araşdırılması baxımından həm onlar, həm də Ermənistan üçün müəyyən çətinliklər yarada bilər. Bu mənada Ermənistan da narahatdır. İstəmirlər ki, UNESCO-da Azərbaycan bu şəkildə təmsil olunsun. Azərbaycanın seçilməsi bizim bütün proseslərin bilavasitə içində olmağımıza şərait yaradır, eyni zamanda bu, haqqın-ədalətin bərqərar olmasına töhfə verə bilər. Təbii ki, bu da onların indiyə qədər atdıqları qərəzli addımların ifşa olunmasına yol açır, o qüvvələri əndişəyə salır"-deyə bildirdi.
C.Məmmədov bildirdi ki, Azərbaycan uzun müddət UNESCO-nun bölgəyə gəlib ermənilərin törətdiyi vəhşiliklərin, saxtakarlıqların araşdırılması işini həyata keçirməsi ilə bağlı bu quruma müraciətlər edib və Ermənistanın həyata keçirdiyi vandalizm aktları ilə əlaqədar öz mövqeyini dəfələrlə bildirib, amma indiyə qədər UNESCO bu məsələyə heç bir münasibət bildirməyib, heç bir reaksiya verməyib. "O anlamda, o mənada belə bir hadisənin baş verməsi onları narahat etməyə bilmir. Ermənilər Qarabağda o qədər vəhşilik, barbarlıq törədiblər ki, indi buna görə çox narahatdırlar. Qorxurlar ki, vəhşilikləri, törətdikləri vandalizm aktları ifşa olunacaq və çətin duruma düşəcəklər. O anlamda ermənilərin də, onların havadarlarının da əndişəsi açıq şəkildə özünü göstərir. Biz prosesləri davam etdirib Ermənistanı ifşa etməliyik. Çünki Ermənistan bizim maddi-mənəvi sərvətimizə, tarixi irsimizə o qədər zərər vurub ki, bu gün onlar bu hadisələrin qiymətləndirilməsindən çox narahatdırlar"-deyə millət vəkili əlavə etdi.
İradə SARIYEVA