Şirkətlər təzə taksini göstərib müştəriyə "utillik" maşın göndərir...
Fərid Həşimov: “Köhnə taksilərin hələ də taksi kimi istifadə olunması düzgün deyil”
Məlumdur ki, taksilərlə bağlı yeni qaydalar artıq qüvvəyə minib. Qaydalardan ən vacibi isə taksi sürücülərinin təlimlərdən keçməsi və sürücülük fəaliyyəti üçün icazə (buraxılış kartı, buraxılış vəsiqəsi) kağızlarının alınmasıdır. Yeni qaydalarla taksi icazəsi alanlar ölkədəki ümumi taksi sayının cəmi səkkiz faizini təşkil edir.
Taksilərlə bağlı yeni qaydalar qüvvəyə minsə də, köhnə avtomobillərlə taksi fəaliyyətinə hələ də rast gəlinir. Sərnişinlər bildirir ki, taksi sifariş etdikdə taksi operatorunun sistemində yeni avtomobilin gələcəyi əks olunsa da, sifarişi yenə də köhnə "Prius" markalı avtomobillər qəbul edir.
“Avtomobili köhnə olan taksi sürücüləri yaxın qohumlarının, tanışlarının yeni avtomobili ilə sistemdə qeydiyyatdan keçərək...”
Mövzu ilə bağlı fikir bildirən Fərid Həşimov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, taksi problemi qısa müddətə öz həllini tapmayacaq. Həll olunması üçün çalışmaq lazımdır. Həm əhali buna hazır olmalıdır, həm də taksidən istifadə edən sərnişinlərin və sürücülərin xidmət mədəniyyəti artırılmalıdır: “Danılmaz faktdır ki, yeni qaydalardan sonra taksilərin sayı birə-beş azalıb. Sərnişin taksi sifariş verir, taksi sifariş verilən ünvana yarım saatdan sonra gəlir. Həmçinin, sərnişin yeni maşın gözləyir, çünki taksi şirkətində təzə maşın kimi qeydiyyatdan keçib, amma ardınca yenə köhnə "Prius" gəlir. Başqa nömrə, fərqli maşın. Bu, çox təhlükəli məqamdır və sürücülər bundan istifadə edirlər. Bizdə bu sahədə çoxlu boşluqlar var. Ümumiyyətlə, köhnə taksilərin hələ də taksi kimi istifadə olunması düzgün deyil. Məlumata görə, avtomobili köhnə olan taksi sürücüləri yaxın qohumlarının, tanışlarının yeni avtomobili ilə sistemdə qeydiyyatdan keçərək köhnə avtomobilləri ilə taksi xidməti göstərir. Bu isə qanunsuzluqdur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, dövlət qurumları taksi problemini həll etmək üçün ciddi addımlar atır və məsələləri dərhal həll etməyə çalışırlar: "Qanuni şəkildə problemlər tənzimlənməlidir. Amma bu zaman həm nəqliyyat vasitələri, həm də sürücülər tələblərə cavab verməlidir”.
Günel CƏLİLOVA