Ermənilər özləri də konstitusiyalarından beziblər...
Ermənistana yeni konstitusiya lazımdır. Bu açıqlma ilə Ermənistanın baş nazir Nikol Paşinyan ölkədə Konstitusiya Günü münasibətilə xalqa müraciətində bəyan edib: “Hazırkı Konstitusiya vətəndaşlar arasında ciddi sosial və psixoloji gərginlik yaradır. Hamıya məlum olan vəziyyətə görə bu gün Ermənistan vətəndaşları hesab etmirlər ki, mövcud Konstitusiya onların cəmiyyətdə və dövlətdə həyat qaydaları haqqında təsəvvürlərini əks etdirir. Əksinə, onu hakim elita tərəfindən yaradılmış və tətbiq edilmiş sənəd kimi görürlər”.
Baş nazir qeyd edib ki, əsas problem təkcə Konstitusiyada yazılanlarla deyil, həm də onun necə qəbul edilməsi ilə bağlıdır. Onun sözlərinə görə, Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında təsəvvürlərini əks etdirən yeni Konstitusiya lazımdır. O, həmçinin vurğulayıb ki, yeni Konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir, ancaq ölkənin institusional, psixoloji və fiziki dayanıqlığının möhkəmləndirilməsi üzərində işi davam etdirmək lazımdır. Xatırladaq ki, Ermənistan Konstitusiyası bu ölkənin Azərbaycanla sülh imzalaması yolunda da ən böyük əngəldir. Bu günlərdə prezident İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin mətni, əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdırmaq olar. Bununla yanaşı, dövlət başçısı qeyd edib ki, sülh sazişinin başlıca şərti Ermənistanın Konstitusiyasının dəyişdirilməsidir: “Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”. Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də Azərbaycan torpağına iddia ortaya qoyur. Bu fakt açıq-aşkar ortadadır. Ümumiyyətlə, bu gün sülh üçün həqiqətən də əsas problem, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Bəyannaməsinə açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarıdır. Azərbaycanın milli təhlükəsizliyinə bilavasitə təsir edən bu iddianın Ermənistan Konstitusiyasından çıxarılmasını tələb etməsi isə tamamilə legitim xarakter daşıyır və bu, Ermənistanın daxili işlərinə müdaxilə kimi qələmə verilə bilməz. Erməni tərəfi dayanıqlı sülhdə maraqlıdırsa, gələcəkdə yenidən Azərbaycana qarşı ərazi iddialarına başlamamaq üçün konstitusiyasını dəyişməlidir. Amma Nikol Paşinyanın açıqlamalarından göründüyü kimi, Ermənistanın Konstitusiyasının dəyişdirilməsini digər şərtlər də tələb edir.
Bundan əvvəl Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Vaaqn Aleksanyan da qeyd etmişdi ki, konstitusiyada problemlər var: “Biz görürük ki, Konstitusiyamızda hansı problemlər var. Açığı, problemlər olduqca çoxdur. Problemlərdən birincisi konstitusiyanın legitimliyidir, çünki ovaxtkı hakimiyyətlər istisna olmaqla, Ermənistanın siyasi həyatında olanların demək olar ki, hamısı həmişə bəyan edib ki, konstitusiya referendumları çoxlu pozuntularla keçirilib. Bu artıq problemdir, biz qeyri-legitim konstitusiya ilə yaşayırıq. İkinci problem odur ki, konstitusiyanın dəyişdirilməsinə, düşüncə dəyişikliyinə ehtiyac var. Konstitusiyada deyilir ki, Ermənistan erməni xalqının arzularını yerinə yetirməlidir. Kimsə mənə izah etsin ki, Ermənistan həm Rusiya ermənilərinin, həm də Amerika ermənilərinin istəklərini eyni vaxtda necə təmin etməlidir? Ermənistan dövlətinin nöqteyi-nəzərindən Ermənistan vətəndaşlarının arzuları ilə bizim soydaşlarımızın, ölkədən kənarda yaşayan insanlarımızın arzuları arasında bərabər əlamət ola bilərmi? Hesab edirəm ki, bu normal deyil”. Ermənistanın mövcud iqtidarının nümayəndələri və Nikol Paşinyan da ölkənin konstitusiya islahatlarının zəruri olması barədə dəfələrlə fikir bildirsə də, ölkədəki revanşist dairələr, həmçinin erməni kilsəsi bu prosesdə islahatların qarşısında dayanan əsas qüvvə kimi çıxış edir. Azərbaycanın qələbəsindən sonra əsl siması üzə çıxan bəzi Qərb dairələri də proseslərə nüfuz edərək Ermənistanda islahatların həyata keçirilməsinə məqbul yanaşmır. Amma sülh üçün konstitusiya islahatlarının aparılması zəruridir. Erməni siyasi texnoloq Armen Badalyan qeyd edir ki, Azərbaycan burada da çox məntiqli siyasətlə irəliləyir: “Növbəti addım yəqin ki, ya konstitusiyaya düzəlişlər, ya da anklav kəndlərin təhvil verilməsi olacaq. Azərbaycanın daxil olduğu, şəhərsalma və mühəndislik işləri apardığı ərazilərə gəlincə, təbii ki, bu ərazilərin öz mülkiyyətində qalmasında israr edəcək. Qərbə də nəyin bahasına olursa-olsun sülh sazişi lazımdır ki, Rusiyanın Ermənistanda hərbi baza saxlamağa əsası olmasın”.
Nahid SALAYEV