O nədir ki, rayonlarda 20 qəpiyə, Bakıda 2-3 manata?..
Akif Nəsirli: “Lobyanın satış qiymətinin yüksək olması məhsulun qıt olması ilə bağlıdır”
Yay fəsli olsa da, bazarda mövsum meyvə və tərəvəzlərinin qiymətləri od tutub yanır. Hazırda isə paytaxt bazarlarında lobyanın qiymətində kəskin artım müşahidə olunur.
Bölgələrdə 18-20 qəpiyə satılan məhsulun kiloqramı Bakıda iki-üç manata yaxındır.
“Qiymətin baha olmasında bazara çıxışı olan vasitəçilərin rolu var, onlar bazarda ümumi razılığa gəlirlər ki, lobyanın satış qiyməti…”
Mövzu ilə bağlı fikir bildirən Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, lobyanın satış qiymətinin yüksək olması məhsulun qıt olması ilə bağlıdır: “Məlumdur ki, son günlər aramsız yağan yağış, dolu, sel bölgələrdə məhsuldarlığı aşağı saldı. Lobya elə bir məhsuldur ki, istiliyi sevir. Hazırda Bakı bazarlarında yaşıl lobya tapılmır. Satışda olan lobyaların çoxu da xarabdır. Bu da, hesab edirəm ki, ötən günlərdə bölgələrdə yağan aramsız yağışlarla bağlıdır. Lobya əkilən torpaqlar yumşaq torpaqdır, yağış yağanda da məhsulun yığılmasında çətinliklər yaranır. Bundan dolayı məhsuldarlıq aşağı düşüb. İnanmıram ki, rayonlarda da lobyanın qiyməti aşağı olsun. Bəli, lobya qıtlığının olduğu doğrudur. Bunun da səbəbi əlverişsiz hava şəraitidir. Lobya həm də yığımı çətin olan məhsuldur. Bu amillər məhsulu bahalaşdırır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, fermerlərin Bakı şəhərinə əlçatanlığı yox səviyyəsindədir. Fermerlər Bakı bazarına rahat şəkildə çıxa bilmir: “Kəndçi kiminsə rolu ilə Bakı bazarına məhsulunu çıxardır. Ancaq burda həmin vasitəçi kəndlidən müəyyən məbləğdə faiz alır. Qiymətin baha olmasında bazara çıxışı olan vasitəçilərin rolu var. Onlar bazarda ümumi razılığa gəlirlər ki, lobyanın satış qiyməti 3 manat, topdansatış isə 2 manat 50 qəpik olmalıdır. Beləliklə də məhsul normadan baha qiymətə satışa çıxarılır”.
Günel CƏLİLOVA