Türk dövlət başçıları Şuşada Ermənistana və onun dostlarına iradə göstərir - özgüvənin səbəbi...
Arzuman Abdulkərimov: “Tarixi türk torpaqlarının işğaldan azad edilməsini bəyənib, haqq işinə dəstək verirlərsə bunu fəxarətlə etməyə haqları çatır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər.
Görünən budur ki, türkdilli ölkələr Qarabağın azad olunmasına sevinclərini gizlətmirlər. Qarabağın bərpasında açıq şəkildə Azərbaycana dəstək ifadə edirlər. Bu məsələdə onların Ermənistan və havadarlarından çəkinməməsinin səbəbi nədir?
Siyasi şərhçi Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra, Türkiyə başda olmaqla, demək olar ki, türk dövlətlərinin hamısı Qarabağın quruculuq-bərpa işlərində yaxından iştirak edir: “Onlar həm dövlət səviyyəsində, həm də şirkətlərin timsalında Qarabağın yenidən qurulmasında aktivlik göstərirlər.
Məsələn, Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb tikib. Qazaxıstan Füzulidə Uşaq Yaradıcılıq Mərkəzi inşa edib. Qırğızıstan Ağdamda orta məktəb tikir. Türkiyə tərəfindən isə bir sıra tikinti işləri həyata keçirilir.
Gördüyünüz kimi, ərazilərimizin bərpasına türk dövlətlərinin hamısı töhfə verməkdədir. Bununla yanaşı, biz türk dövlətlərinin başçılarının Qarabağa davamlı səfərlərinin də şahidi oluruq. Bu səfərlərdə onların səmimi sevincini də görürük. Türk dövlətləri açıq şəkildə birlik platformalarında təmsil olunurlar. Onlar niyə Ermənistan və onun havadarlarından çəkinməlidir? Çünki hansısa işğalı, pis niyyəti dəstəkləmirlər. Tarixi türk torpaqlarının işğaldan azad edilməsini bəyənib, haqq işinə dəstək verirlərsə bunu fəxarətlə etməyə haqları çatır”.
Məhəmmədəli QƏRİBLİ