Kipr məsələsi 3 dövlətin ortaq gündəmi oldu - Kipr üçün böyük imkanlar açılır...
Samir Hümbətov: “Düzdür, dünyada tanınmır, ancaq hesab edirəm ki, Şanxay Əməkdaşlıq Təşkilatı onu tanıyarsa, Kiprin qəbul edilməsi prosesi sürətlənə bilər”
Azərbaycan-Türkiyə-Pakistan arasında üçtərəfli görüş keçirilib. Qərara gəlinib ki, üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində növbəti görüşlər hər üç ölkədə, yəni Azərbaycan, Türkiyə və Pakistanda keçirilsin.
Görüşdə Kipr məsələsi də müzakirə edilib. Kiprin tanınması, onun Şanxay təşkilatı və əməkdaşlığı necə mümkün ola bilər? Bu ölkələrin təmsil olunduğu digər birliklərdə Kiprin də təmsil olunması mümkündürmü?
Siyasi şərçi Samir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan-Türkiyə-Pakistan əlaqələri bir qayda olaraq inkişaf edir: “Ancaq bu inkişafı daha da sürətləndirmək ən başlıca amillərdən hesab olunur. Kipr məsələsi bu üç ölkənin hər biri üçün böyük önəm daşıyır. Azərbaycan Kipri ayın 6-da keçiriləcək Zirvə toplantısına dəvət edib. Artıq Kipr Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunu qazanıb. Düzdür, dünyada tanınmır, ancaq hesab edirəm ki, Şanxay Əməkdaşlıq Təşkilatı onu tanıyarsa, Kiprin qəbul edilməsi prosesi sürətlənə bilər. Bəllidir ki, Kipr məsələsində bir siyasi oyun var. Bundan Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edirlər. Bu, dövlətlərin iradəsinə bağlı olan mövzudur. Buna görə də, hər üç ölkə üzv olduqları bütün beynəlxalq təşkilatlarda Kiprin iştirakını təmin etməlidir. Əvvəl müşahidəçi, sonra isə daimi üzv kimi bunu reallaşdırmaq olar. Belə olarsa, Kiprin bir ölkə kimi mövcudluğunu dünyaya həzm etdirmək mümkün olacaq”.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli görüşünə dair Birgə Bəyanat yayıb.
Həmin Bəyanatda bildirilir ki, üçtərəfli zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər, həmçinin Qəzza, Kipr, Kəşmir, İslamofobiya kimi regional və qlobal məsələlər müzakirə olunub.
Daha öncə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində parlament spikerləri və xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşlərin, həmçinin, dövlət başçıları səviyyəsində təşkili nəzərdə tutulur. Habelə, üç ölkə arasında əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün ortaq niyyət təsdiqlənib”.
Hesab etmək olar ki, Azərbaycan-Türkiyə-Pakistan arasında üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsi üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcək.
Üç ölkə suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq transmilli təhdidlərə, xüsusilə terrorizmə qarşı mübarizədə ciddi uğurlar əldə bilər.
Üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində Kiprlə bağlı irəliləyişin olacağı da şübhə doğurmur.
Məhəmmədəli QƏRİBLİ