Əliyevin Şanxay ölkələrinə “lazım olsa 30 milyon tona çatdırarıq” mesajı...
Fuad İbrahimov: “Bu artıq şaxələnmə imkanlarının genişlənməsi hesabına mümkün ola bilər”
Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında keçirilən görüş zamanı çıxış edib. Çıxışında ölkə başçısı bir sıra məsələlərə toxunub.
Prezident Əliyev Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin diqqətini Azərbaycanın tranzit imkanlarına yönədib. Ölkə başçısı bildirib ki, ehtiyac yaranarsa dəmir yolu ilə daşımalar 30 milyon tona çatdırılacaq: “Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq”.
“Nəticədə Azərbaycan üzərindən tranzit daşımalar dəfələrlə artacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, Azərbaycan bu qəbildən olan tədbirlərdə iki kontingenti birləşdirdiyini açıq bəyan edir: “Bu məsələdə ölkəmiz ən əlverişli dəhlizdir. Biz bunu Cənub, Şimal, Şərq, Qərb adlandırsaq da, mərkəzi qovşaq Azərbaycandır. Perimetr boyu diqqət yetirəndə görürük ki, Azərbaycan bütün bu dəhlizlərin qovşağında yerləşir. Avropanın sərhədlərini Ukrayna müharibəsinə görə Rusiyanın üzünə bağlaması dəhlizlərlə bağlı Azərbaycan üçün unikal imkanlar yaradır. Üstəlik, Yəməndə baş verənlər Suveyş kanalı ilə daşımalara da kəskin təsir edib. Başqa bir tərəfdən Çindən Avropaya gedən məhsullar üçün müddət baxımından ən qısa yol Azərbaycan üzərindən keçir. Bu da mövcud kommunikasiyaların icra mexanizmi hesabına başa gəlir. Hazırda icra mexanizmi olan kommunikasiyalarımızın da əsas perspektivdə inkişafı məhz onun texniki cəhətdən imkanlarının genişlənməsindən ibarətdir. Məhz bunlardan çıxış edərək cənab Prezident qeyd etdi ki, dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik. Sonra zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Bu artıq şaxələnmə imkanlarının genişlənməsi hesabına mümkün ola bilər. Yəni perspektivdə bu mümkündür. Əsas odur ki, ana xətt işləyir. Ortada konkret göstəricilər var və konkret proseslər gedir. Çin, Rusiya, Hindistan və digər ölkələr Orta Dəhlizin Azərbaycandan keçməsində maraqlıdır. Yəni bu dəhliz, arteriya birbaşa işlək olan, mexanizmi olan bir cazibədar dəhlizdir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə gəldikdə isə, Azərbaycan həm siyasi nöqteyi-nəzərdən, həm də iqtisadi baxımdan infrastrukturlarla zəngin bir ölkədir. O mənada ki, bizim ərazi hər bir zaman bu məqsədlərlə istifadə olunacaq. Azərbaycan lagistika ilə yanaşı, qeyri-neft sektorunun inkişafını təmin edəcək. Bir sözlə, Azərbaycan üzərindən tranzit daşımalar dəfələrlə artacaq”.
Vidadi ORDAHALLI