Cərrahi əməliyyatların orta qiyməti artıb - cüzi fərqin səbəbləri...
Adil Qeybulla: “Qiymətlərin bahalaşması həm də avadanlıqların, xidmətlərin bahalaşması ilə əlaqədardır”
Azərbaycanda həyata keçirilən cərrahiyyə əməliyyatının orta qiyməti 1 312 manat olub. Belə ki, təxminən bir il əvvəl cərrahiyyə əməliyyatının orta qiyməti 1 232 manat olub. Son bir ildə cərrahiyə əməliyyatının orta qiyməti 80 manat və ya 6,5 faiz artıb.
O da məlumdur ki, cərrahiyə əməliyyatlarının qiyməti zatən Azərbaycanda bahadır. Xüsusən də özəl klinikalarda qiymətlər həm müxtəlifdir, həm də bahadır. O baxımdan son bir ildə cərrahiyə əməliyyatının orta qiymətinin 80 manat artması nə ilə bağlıdır? Bunun iqtisadi əsası varmı?
“Ona görə də 80 manat qiymət artımı bir il ərzində elə də böyük artım sayıla bilməz”
Sözügedən məsələyə aydınlıq gətirən tibb elmləri doktoru, professor Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qiymətlərin artmasını müəyyən amillərlə əlaqələndirdi: “Əvvəla, tibbi prosedurların, manipulyasiyaların, əməliyyatların qiyməti bazar iqtisadiyyatı qiymətləri çərçivəsində özəl sektorda fərqli olur. Yəni bu, əslində rəqabətlə tənzimlənir. Özəl sektor da tibbi təyinatlı və əslində tibblə məşğul olan bir kommersiya müəssisəsidir. Dövlətə vergi verir. Ona görə də klinikalar qoyduğu qiymətləri öz xərclərinə, gəlirlərinə və s. məsələlərə görə tənzimləyir. Deməyim odur ki, əslində dövlətin buna müdaxilə etmək imkanı yoxdur. Nəzərə almaq lazımdır ki, özəl klinikalarda qiymətlərin bahalaşması həm də avadanlıqların, xidmətlərin bahalaşması ilə əlaqədardır. Sözügedən məsələdə başqa digər məqamlar var ki, nəticədə cərrahiyə əməliyyatlarının qiymətinə öz təsirini göstərir. Ona görə də 80 manat qiymət artımı bir il ərzində elə də böyük artım sayıla bilməz. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, tibbi sığorta var və vətəndaşlar bundan faydalana bilir. Digər tərəfdən, ən mürəkkəb cərrahi əməliyyatlar və hətta koxlear implantasiya, qulaqda karlıq olanda, mürəkkəb neyrocərrahiyyə, ürək əməliyyatlarının hamısı icbari tibbi sığorta hesabına edilir. Deməyim odur ki, bütün bunlardan vətəndaş faydalana bilər. Ancaq kimsə istəyirsə ki, xəstəsini özəl klinikada əməliyyat etdirsin, o zaman oranın tələblərini nəzərə almalıdır. Nəzərə almaq lazımdır ki, özəl klinikalar dövlət hesabına maliyyələşmir. Onların öz xərcləri var. Başqa bir tərəfdən, bir sıra özəl klinikalarda tibbi avadanlıqlar müasir olur, keyfiyyət göstəricilərinə görə fərqlənirlər. Bütün bunlar son nəticədə istər-istəməz qiymətlərin artmasına öz təsirini göstərir”.
Vidadi ORDAHALLI