İtaliya Ukraynanın NATO üzvlüyünə qarşı çıxdı – Bu III Dünya Müharibəsi deməkdir
İtaliyanın xarici işlər naziri Antonio Tajani Ukraynanın NATO-ya qəbulunun hamı üçün təhlükəli olacağını deyib. Tajani bəyan edib ki, Kiyev müharibə başa çatdıqdan sonra NATO-ya üzv ola bilər.
İtaliyanın xarici işlər naziri Antonio Tajani Münhen Təhlükəsizlik Konfransında Ukraynanın NATO-ya qəbulunun hər kəs üçün təhlükəli olacağını bildirib. Tajani alyans daxilində Ukraynanın üzvlüyünün qəbulu ilə bağlı müzakirələrin aparıldığına diqqət çəkib və deyib ki, vəziyyətə diqqətlə yanaşmaq lazımdır.
"Düzünü desəm, bu, hamı üçün təhlükəli olardı. Çünki onlar Rusiyaya qarşı vuruşurlar və NATO-ya üzv olsalar, bu, III Dünya Müharibəsi demək olardı", - Tajani deyib.
Müttəfiqlərin Ukraynanın üzvlüyünü dəstəklədiyini ifadə edən Tajani, NATO-nun 5-ci maddəsinin çox açıq olduğuna diqqət çəkərək, bir üzvə edilən hücumun bütün üzvlərə hücum kimi qiymətləndirildiyini qeyd edib.
İtaliyalı nazir deyib ki, Kiyev və NATO arasında mövcud əməkdaşlıq Rusiyaya aydın mesaj verir. O, bəyan edib ki, Kiyev müharibə başa çatdıqdan sonra NATO-ya üzv ola bilər.
Qeyd edək ki, NATO ilə Ukrayna arasında danışıqlar ilk dəfə 2008-ci ildə gündəmə gəlib, 2014-cü ildə Ukraynada hakimiyyət dəyişikliyindən sonra Kiyevin alyansla əlaqələri xeyli artıb. Ukrayna administrasiyası 2017-ci ildə konstitusiyaya NATO üzvlüyünü “strateji məqsəd” kimi əlavə edib və 2022-ci ilin payızında üzvlük üçün rəsmi müraciət edib.
Kreml isə Kiyevin NATO-ya üzvlüyünə qırmızı xətt kimi baxır. 2022-ci ilin fevralında Moskva administrasiyası Ukraynaya hücuma başladıqda göstərilən səbəblərdən biri də məhz Kiyevin NATO yolunda olması idi.
Müharibənin ilk aylarında keçirilən sülh danışıqları zamanı Rusiya Ukraynadan NATO üzvlüyündən imtina etməyi və bitərəf statuslu bufer dövlətə çevrilməsini tələb edirdi.
Ötən il Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitində Ukraynanın üzvlük məsələsi gündəmə gətirilsə də, Kiyevin NATO-ya yolunu açmaq üçün bəzi prosedurlardan imtina ilə bağlı təkliflər müttəfiq ölkələr tərəfindən qəbul olunmayıb.
Bu ilin iyulunda Vaşinqtonda keçiriləcək NATO sammitinin gündəm bəndlərindən biri də Ukraynanın üzvlük məsələsi olacağı gözlənilir. Bununla belə, ABŞ və Almaniya mətbuatında çıxan bəzi xəbərlərə görə, hər iki ölkə Moskva ilə hərtərəfli münaqişə ilə bağlı narahatlıqlar səbəbindən üzvlük yolunu açmaqda həvəsli deyil.
Tahir TAĞIYEV