Mirzoyanın yalanı - Azərbaycan 74-90-cı ilin xəritələrinə nə vaxt “hə” deyib?!.
Elşad Musayev: “Nəinki tarixi torpaqlarımızı, heç işğal etdikləri Qazaxın 7 kəndini, Kərkini qaytarmaq fikrində deyillər”
“Sülh müqaviləsinin Bakıdan İrəvana təqdim edilmiş sonuncu versiyası sülh prosesinə zərbə oldu. İlham Əliyevin sonuncu müsahibəsi də sülh danışıqlarına bir zərbə oldu”. Bunu Ermənistan XİN başçısı Ararat Mirzoyan mətbuat konfransında bildirib.
Sərhədin delimitasiyası məsələlərinə toxunan Mirzoyan deyib ki, bir müddət əvvəl Azərbaycan 1974-1990-cı illərin xəritələrindən istifadə etməyi təklif edib və Ermənistan tərəfi razılaşıb: “Lakin Azərbaycan prezidentinin sonuncu müsahibəsində Azərbaycanın özünün bu təklifdən yayındığı müşahidə olunur. Ermənistan və Azərbaycan heç bir qeyri-müəyyənlik və fərqli anlaşılacaq heç bir ifadə olmadan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Belə bir təəssürat yaranır ki, Azərbaycanda nizamlanmaya nail olmaq üçün siyasi iradə yoxdur. Əksinə, Ermənistana qarşı tələblər irəli sürmək cəhdi var. Bizim mövqeyimiz qətidir və sərhədlər SSRİ dövründə olduğu kimi olmalıdır. Ermənistan bu məsələdə sonuna qədər gedəcək”.
Bu boyda yalan olar? Azərbaycan nə zaman 1974-1990-cı illərin xəritələrindən istifadə etməyi təklif edib?
“Mirzoyanın belə pozucu açıqlaması o deməkdir ki, bunlar 44 günlük müharibədən və sonrakı əməliyyatlardan dərs çıxarmayıblar”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hesab edir ki, Mirzoyan bir sıra məsələləri təhrif edərək diqqəti yayındırmağa çalışır: “Sülh müqaviləsi ilə bağlı dəfələrlə Azərbaycanda siyasi çevrələr ümidverici bəyanatlar səsləndirəndə bunu real hesab etməmişəm. Açıq demişəm ki, tərəflər arasında sülh sazişinin imzalanacağını gözləmirəm. İndi də həmin fikirdəyəm və hesab edirəm ki, sülh sazişinin imzalanacağı gözlənilmir. Ona görə ki, Ermənistan hakimiyyəti sülh sazişinin imzalanmasına hazır deyil. İkincisi, ermənilər nəinki tarixi torpaqlarımızı, heç işğal etdikləri Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini qaytarmaq fikrində deyillər. Ona görə də Fransa kimi dövlətləri, böyük gücləri xristian təəssübkeşliyi ilə manipulyasiya edib arxalarına alıb əlavə iddialarla çıxış edəcəklər. Bu minvalla prosesi süründürməyə, uzatmağa çalışacaqlar. Biz nə qədər xoşməramlı təkliflər versək də, birdəfəlik bilməliyik ki, ermənilər razı olmayacaq. Onu da qeyd edim ki, biz böyük mənada müharibənin bitdiyini, prosesin yekunlaşdığını qeyd edirik. Əslində isə bu, belə deyil. Yəni müharibə hələ bitməyib. Məsələni yekunlaşdırmaq üçün Ermənistanın tam kapitulyasiyası vacib şərtdir. Mirzoyanın belə pozucu açıqlaması o deməkdir ki, bunlar 44 günlük müharibədən və sonrakı əməliyyatlardan dərs çıxarmayıblar. Bunların burnunu yenidən ovmaq lazımdır. İndi ölkəmizin qarşısında xeyli vəzifələr var. Bunlardan birincisi odur ki, prezident seçkilərini dinc yola verək. Açıq görünür ki, Azərbaycana qarşı bu məsələdən bir təzyiq kimi istifadə edirlər. Ondan sonrakı mərhələdə, təbii, bizim qarşımızda duran əsas vəzifələrdən biri Ermənistanla məsələni birdəfəlik çözməkdir. Ermənistan nə qədər monipulyasiyadan istifadə etsə də, başqalarının əl maşası kimi ortada oynasa da nəticə etibarilə Azərbaycan istədiklərinə nail olacaq. Ermənistan işğal etdiyi əraziləri də tərk edəcək, Zəngəzur dəhlizini açmağa da məcbur olacaq”.
Vidadi ORDAHALLI