Gürcüstan Litva prezidentinin seçki bəyanatına sərt cavab verdi - bu, sizin qərar verəcəyiniz məsələ deyil...
Seçəcəyi hakimiyyətə sahib olması gürcü xalqının suveren hüququdur, bu, Litva prezidentinin qərar verəcəyi məsələ deyil.
Trend Gürcüstanın Birinci kanalına istinadən xəbər verir ki, bu haqda Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bocorişvili Litva Prezidenti Qitanas Nausedanın bəyanatında münasibət bildirərkən deyib.
"Başqa ölkənin liderlərinin hakimiyyətdə kimin olması ilə bağlı bu qədər şərhlər verməsi anormal vəziyyətdir. İndilərdə Litvada seçkilər oldu və Litva hökumətini bəyənib-bəyənmədiyimizə və bu hakimiyyətin yaxşı hakimiyyət olduğunu düşünüb-düşünmədiyimizə baxmayaraq, Litvanı kimin idarə etməli olduğuna dair nəsə bir bəyanat verməyimizlə bağlı bir gürcü siyasətçinin bəyanatını mənə göstərin. Biz bunu özümüzə yaraşdırmamışıq və yaraşdırmırıq, çünki bu, beynəlxalq norma və prinsiplərin pozulmasıdır. Yaxşı olar ki, başqaları da beynəlxalq norma və prinsiplərə hörmət etsinlər. Seçəcəyi hakimiyyətə sahib olması gürcü xalqının suveren hüququdur, bu, Litva prezidentinin qərar verəcəyi məsələ deyil" – Maka Bocorişvili bildirib.