Azərbaycan beynəlxalq təşəkkür aldı - iqlimlə sülhü birləşdirdiyi üçün....
Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 Azərbaycana bütün sahələrdə bir sıra dividendlər qazandıracaq, ölkəmizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək. COP29-ərəfəsində bir sıra tədbirlər, konfranslar keçirilir.
Məlum olduğu kimi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının mərkəzi qərərgahında COP29 Sədrliyi və Federasiyanın birgə təşkilatçılığı ilə iqlim dəyişikliyi və qlobal sülh arasındakı qarşılıqlı əlaqəyə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Cenevrədə yerləşən BMT qurumlarının, beynəlxalq humanitar təşkilatların, eləcə də BMT üzv dövlətlərin daimi nümayəndəlikləri iştirak edib. Tədbirdə açılış nitqi ilə çıxış edən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Caqan Çapagain Azərbaycana, iqlim dəyişikliyi və sülh arasında bağlantı mövzusuna diqqət çəkdiyinə görə təşəkkürünü bildirdi.
Pərvanə Vəliyeva: “COP29 Atəşkəsi üçün birgə müraciətə dünyanın hər yerindən partiyalar və maraqlı tərəflər, o cümlədən beynəlxalq təşkilatlar öz dəstəklərini bildirir”
Beynəlxalq təşkilatların iqlim dəyişikliyi və sülh arasındakı bağlantıya görə Azərbaycana təşəkkür etməsi barədə fikir bildirən millət vəkili Pərvanə Vəliyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkəmiz COP29 zamanı sülhün təmin edilməsi və dünyada gedən bütün münaqişələrin bu 2 həftə ərzində dayandırılması üçün bir çağırış edib: “Bu çağırış tərəf dövlətlər tərəfindən dəstəklənir, 2000-dən çox beynəlxalq təşkilat və xarici QHT tərəfindən alqışlanır. Hər gün bu çağırışa qoşulanların sayı artır, o cümlədən Azərbaycanın ötən illər ərzində uğurla sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv olan ölkələr bu çağırışa qoşulub”.
Millət vəkili hesab edir ki, COP29 Atəşkəsi üçün birgə müraciətə dünyanın hər yerindən partiyalar və maraqlı tərəflər, o cümlədən beynəlxalq təşkilatlar öz dəstəklərini bildirir və Azərbaycana belə bir təşəbbüsü irəli sürdüyü üçün təşəkkür edirlər.
Aydın Mirzəzadə: “İqlim dəyişikliyi ilə bağlı Bakıda keçiriləcək beynəlxalq tədbir dünyanın diqqətini cəlb etməkdədir”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, iqlim dəyişikliyi ilə bağlı Bakıda keçiriləcək beynəlxalq tədbir dünyanın diqqətini cəlb etməkdədir: “Dünyanın bir çox ölkə rəhbərləri bu tədbirdə iştirak etməklə bağlı razılıqlarını bildiriblər. COP29-la bağlı dünya mətbuatında da çoxsaylı materiallar dərc olunur. Eyni zamanda, ölkəmizdə də bu hadisəyə çox ciddi hazırlıq gedir. COP29 həm Azərbaycan tarixində, həm də iqlim dəyişikliyi ilə bağlı konfranslar tarixində ən mükəmməl hazıqlıqlı tədbir olacaq. Təqdirəlayiqdir ki, ayrı-ayrı beynəlxalq təşkilatlar COP29-la bağlı öz mövqelərini bildirir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının COP29-la bağlı tədbir keçirməsi bu qəbildən olan məsələdir”.
Günel CƏLİLOVA