Ərazi bütövlüyü və suverenlik dövlət və ictimai maraqların vəhdət nöqtəsidir...
Ərazi bütövlüyü və suverenlik dövlət və ictimai maraqların vəhdət nöqtəsidir...Milli maraqların, ictimai mənafenin qorunması dövlət siyasətimizin ən mühüm prioritetlərindəndir. Ümumiyyətlə, milli maraqlar Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusu sayılır.
Müasir Azərbaycan cəmiyyəti intellektual əsaslarda formalaşmış modern bir cəmiyyətdir. Eyni zamanda, Azərbaycan xalqı ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran yetkin bir cəmiyyətdir. Ümumiyyətlə, ideal cəmiyyət həm dövlətin mənafeyinə zərər gəlmədiyi, həm də ictimai maraqların təmin edildiyi, bir sözlə ortaq maraqların müəyyənləşdirildiyi və üst-üstə düşdüyü halda formalaşır. Bu gün Azərbaycanda dövlət maraqları vətəndaşlarımız tərəfindən müdafiə edilir, qorunur - bu isə özlüyündə dövlət-xalq vəhdətinin vahid hədəfə köklənməsinə imkan yaradır. Bu isə dövlətin müəyyənləşdirdiyi inkişaf konsepsiyasının cəmiyyətin maraqları əsasında formalaşdırılması üçün mühüm zəmin yaradır. Qarşılıqlı münasibətlərin yüksək səviyyədə təmin edilməsi isə cəmiyyətin sabit və ümumi maraqlar çərçivəsində inkişafını təmin edir. Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial, eləcə də digər tələbatların məcmusu dövlət maraqları, ictimai və milli maraqların təmin olunmasının əsasını təşkil edir. İctimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış yetkin bir cəmiyyət olduğu üçün Azərbaycan cəmiyyəti intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur.
İşğala son qoyulandan sonra ictimai və dövlət maraqlarımız daha inamla qorunur
Dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqların üst-üstə düşməsi önəmli şərtdir və olduqca vacib məqamdır. Ölkəmizin suverenliyinin, müstəqilliyinin durmadan möhkəmlənməsi göründüyü kimi, heç də təsadüfi deyil və bilavasitə dövlət maraqları ilə ümummilli maraqların üst-üstə düşməsi ilə əlaqədardır. Məhz bu maraqların üst-üstə düşməsinin nəticəsi idi ki, Azərbaycan uğurla torpaqlarını işğaldan azad edərək öz ərazi bütövlüyünü təmin etdi. Postsovet məkanında Azərbaycan yeganə ölkə idi ki, separatizmin belini qırdı. Nə Gürcüstan, nə Moldova indiyə qədər buna nail ola bilməyib. Halbuki, Azərbaycanda olduğu kimi, həmin ölkələrdə də SSRİ dağılan ərəfədə separatizm ocaqları yarandı. Çox keçmədən xarici himayədarlar hesabına həmin separatçı qurumlar sözügedən ölkələrin başına bəla oldu. Azərbaycanda onlarla müqayisədə vəziyyət daha çətin idi. Çünki dünyanın bütün aparıcı gücləri Ermənistanın arxasında dayanmışdılar, işğala göz yumurdular. Gürcüstanda, Moldovada baş verənləri birbaşa separatizm kimi təqdim edirdilər. Qarabağdakı erməni separatçılarına münasibətdə gəldikdə isə, analoji mövqe sərgiləmirdilər. Tamamilə fərqli və yumuşaq mövqedən çıxış edirdilər. Ancaq bütün bunlara baxmayaraq Azərbaycan dövləti, cəmiyyəti, diplomatiyası dövlət və milli maraqlardan çıxış edərək işğalla barışmadı. Bütün dünya platformalarında davamlı olaraq işğal amili qabardıldı. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi ilə yanaşı, bir sıra digər beynəlxalq əhəmiyyətli qurumlarda işğalı pisləyən qərarların qəbuluna nail olduq. Bütün bunların fonunda, önəmli məqamlardan biri də ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, 2023-cü ilin sentyabrında antiterror əməliyyatları sayəsində suverenliyimizin tam təmin olunması ümumilikdə ictimai və dövlət maraqlarının müdafiəsində keyfiyyətcə yeni mərhələ açıb. İctimai və dövlət maraqlarımız istər ölkə daxilində, istərsədə ölkə xaricində daha inamla qorunur. Azərbaycan daha qətiyyətlə haqsızlığa etiraz edir. Bəzi Avropa İttifaqı qurumlarının ölkəmizə qarşı qəbul etdiyi qərəzli qərarları, ABŞ Konqresinin ermənipərəst üzvlərinin çağırışlarını sərt şəkildə tənqid edərək onların üzərinə inamla gedir. Hansısa xarici təzyiqlərə münasibətdə dövlətimiz güzəştli mövqe sərgiləmir.
Belə əzimkarlıq Azərbaycanın qalib dövlət olmasından qaynaqlanır
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəyli bütün bunları Azərbaycanın qalib dövlət olması amili ilə əlaqələndirdi: “Tarixən hansı dövlət güclü olubsa, onunla hesablaşıblar, ona hörmət ediblər. Məsələ ondadır ki, torpaqlarımızın 20 faizi işğal olunanda, ağır sosial-iqtisadi vəziyyət hökm sürəndə xalqımız duruş gətirdi. Çünki ölkəyə Heydər Əliyev kimi güclü, təcrübəli və xarizmatik lider rəhbərlik edirdi. O imkan vermədi ki, Azərbaycan parçalanıb yer üzündən silinsin. Onun siyasətini Prezident İlham Əliyev uğurla davam etdirdi. Güclü ordu və iqtisadiyyat yaratdı. 26 illik uzun atəşkəs dövrü bir çoxlarında işğala haçansa son qoyulacağı ümidini ortadan qaldırmışdı. Bir çoxları belə uğurlu qələbə gözləmirdi və bu, onlar üçün bir xəyal kimi görünürdü. Ancaq hamı bir nəfər kimi Prezident Əliyevin ətrafında birləşdi və şanlı ordumuz işğala son qoydu. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq biz dayanmadıq. Nə 44 günlük Vətən müharibəsi dönəmində, nə də ondan sonrakı dövrlərdə. Bu səbəbdən qalib Azərbaycan indi daha qətiyyət və əzimkarlıqla öz dövlət maraqlarını qoruyur”.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.