Bakı aeroportunda yarım milyonluq qızıl külçə əməliyyatı - saxlanan şəxs vəzifəli gömrük əməkdaşını da ələ verdi...
Qaçaqmalçılıq yolu ilə ölkəyə qızıl külçələr gətirməkdə təqsirləndirilən şəxs həbs edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilib ki, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qızıl külçə keçirmiş şəxsin və eləcə də, həmin cinayətin törədilməsində iştirak etmiş vəzifəli şəxsin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən qızıl külçələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Toplanmış sübutlar əsasında Səfər Səfərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
ZÜMRÜD