Makron Gürcüstanda da "yandı"...
“Bəzi beynəlxalq tərəfdaşlar ikili standartları rəhbər tutur, Gürcüstandakı etirazları “dinc” adlandırır, etirazçıların polisə qarşı zorakılığına göz yumurlar”. Bu sözləri hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının deputatı Eka Sepaşvili sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, etiraz dalğası noyabrın 28-də, hakimiyyətin Gürcüstanın 2028-ci ilə qədər Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasını gündəmdən çıxarmaq qərarından dərhal sonra başlayıb. Deputat xatırladıb ki, etirazçılar növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər və Qərb “demokratiyadan geri çəkilməsinə” görə Gürcüstana qarşı məhdudiyyətlər tətbiq etməkdə davam edir: “Gürcüstanla bağlı ikili standartlar tətbiq edilir. Bəzi beynəlxalq tərəfdaşlarımız Almaniyadakı etirazları “zorakı”, Gürcüstandakı zorakı etirazları isə “dinc” adlandırır, etirazçıların polisə qarşı zorakılığına göz yumurlar”. Deputat hesab edir ki, belə münasibət inam və ədalətə xələl gətirir: “Gürcüstanda etirazçıların polisə pirotexniki vasitələr, “Molotov kokteyli” və daş atmasını, parlament binasına basqın etməsini necə kimsə “dinc nümayiş” adlandıra bilər?”. Belə vəziyyətdə Fransa prezidenti Emmanuel Makronun açıqlamaları gürcüləri daha da qəzəbləndirib. Fransa prezidentinin sözlərinə görə, Rusiya Gürcüstanda seçki prosesini pozmağa cəhd edib. İrakli Kobaxidze Emmanuel Makrona Ukraynanı diqqətlə izləməyi və Rusiyanın Gürcüstandakı seçkilərə müdaxiləsi barədə yalan danışmamağı tövsiyə edib. Kobaxidze Makronun Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanatını şərh edib: “Qoy Fransa prezidenti dağıdılması üçün qurban verilən Ukraynaya diqqət yetirsin”. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili də Qərb başda olmaqla Fransanı sərt tənqid edib: “Almaniyanın və Fransanın hökumət rəsmiləri - Maykl Rot və Natali Loiseaunun başqa ölkənin seçkilərinə müdaxilə ilə bağlı nəsə deməsi çox ironikdir”. O qeyd edib ki, Almaniya və Fransa hakimiyyətlərinin nümayəndələrinin İlon Maskın bəyanatlarından şikayətlənməsi və onu seçkilərə müdaxilə etməkdə ittiham etməsi ironikdir:
“Ümid edirəm ki, bir çox insanlar Gürcüstanda keçirilən seçkilərə bu cür kobud və qanunsuz müdaxilə ilə oturduqları demokratiyanın və suverenliyin qolunu kəsdiklərini tədricən anlayacaqlar”. Papuaşvili vurğulayıb ki, Fransada yeni seçkilərin keçirilməsi bu ölkədəki siyasi böhranın ən yaxşı həlli olacaq:
“Mən Fransanın daxili siyasətinə qarışmaq fikrində deyiləm. Lakin nəzərə almalıyıq ki, fransızların 61 faizi Prezident Makronun istefasını, 50 faizi isə Milli Assambleyanın buraxılmasını istəyir. Belə olan halda, siyasi böhrandan çıxış yolu üçün yeni seçkilər daha yaxşı olardı”.
Qərb Gürcüstanın hazırkı hakimiyyətini demokratiyadan geri çəkilməkdə, anti-Qərb ritorikasında və konspirasiya nəzəriyyələrinin yayılmasında ittiham edir. Aİ və ABŞ “Xarici Təsir Şəffaflığı Aktı”nın qəbulundan sonra Gürcüstandan uzaqlaşmağa başlayıblar. Sentyabr ayında LGBT təbliğatını qadağan edən “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunun qəbulundan sonra münasibətlər daha sürətlə pisləşməyə davam edib. Qərb ölkələri Gürcüstan hökumətinə yardımın bir hissəsini dondurub və ölkənin Aİ-yə inteqrasiyası faktiki olaraq dayandırılıb. Birləşmiş Ştatlar Gürcüstanla strateji tərəfdaşlığı, eləcə də hökumətə yardımını dayandırıb və “Noble Partner” adlı hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salıb. Bundan əlavə, Qərb dövlətləri 100-dən çox Gürcüstan vətəndaşına viza məhdudiyyəti tətbiq edib. Üstəlik, Birləşmiş Ştatlar Böyük Britaniya ilə razılaşdıraraq, Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelaurini və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılar şöbəsinin rəis müavini Mirzə Kezevadzeni “Maqnitski siyahısına” daxil edib. Birləşmiş Ştatlar onları parlament seçkiləri fonunda xalqa amansız təzyiq və zorakılıqda, o cümlədən jurnalistlərə qarşı zorakılıqda ittiham edib. Avropa İttifaqı Gürcüstana yüksək səviyyəli səfərləri və Brüsseldə Gürcüstan hakimiyyətinin nümayəndələri ilə bütün yüksək səviyyəli görüşləri dayandırıb. Gürcüstan hökumətinə çox milyon dollarlıq maliyyə yardımı dayandırılıb. Bundan başqa, Avropa Komissiyası diplomatik pasportlardan istifadə edən Gürcüstan vətəndaşlarının Aİ-yə girişinin qadağan edilməsini tövsiyə edib. Böyük Britaniya yeni kibertəhlükəsizlik proqramı olan Gürcüstanla strateji “Wardrop Dialogue” proqramını dayandırıb və yüksək səviyyəli müdafiə danışıqlarını ləğv edib. Gürcüstan vətəndaşlarına, o cümlədən Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə qarşı şəxsi sanksiyalar Aİ-nin ayrı-ayrı ölkələri - Litva, Latviya və Estoniya tərəfindən tətbiq edilib. Onlar Gürcüstan hakimiyyətini dinc nümayişçilərə qarşı repressiya və zorakılıqda ittiham ediblər. Hakimiyyət əleyhdarlarının fikrincə, oktyabrın 26-da keçirilən parlament seçkiləri tamamilə saxtalaşdırılıb və buna görə də nə ABŞ, nə də Avropa İttifaqının rəhbərliyi “Gürcü arzusu”nu qələbə münasibətilə təbrik edib. Aİ ölkələri arasında yalnız Macarıstan və Slovakiya Gürcüstanı təbrik edib. Gürcüstan hakimiyyəti təkid edir ki, parlament seçkilərinin nəticələri həm dünyada seçkiləri qiymətləndirən əsas institut olan ATƏT-in DTİHB, həm də Gürcüstanın Konstitusiya Məhkəməsi tərəfindən tanınıb, müvafiq olaraq, seçkilərin legitimliyi ilə bağlı artıq suallar ola bilməz.
Samirə SƏFƏROVA