Braziliya Azərbaycanın "qara qutu"sunun açılmasında nə qədər obyektiv olacaq?
Azər Həsrət: “Orda saxtakarlıq etmək üçün şərait yaradılmayacaq, bu baxımdan braziliyalılara ümidliyəm”
Məlum olduğu kimi, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı hava məkanında "Pantsir"in hücumuna məruz qalıb və zədələnib. Rusiya ərazisində enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Qəzanın araşdırılması ilə bağlı “qara qutu” təhlil edilib. Qeyd edək ki, Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin uçuş qeydlərinin (qara qutularının) deşifrəsini başa çatdırıb. Bu barədə Braziliyanın G1 portalı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, iki qeyd cihazından məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb. Departament artıq Qazaxıstanın hakimiyyət orqanlarına müvafiq məlumat göndərib.
Qeyd etdiyimiz kimi, təyyarənin “qara qutu”su Braziliyada araşdırılıb. Ekspertlər hesab edir ki, MDB Dövlətlərarası Aviasiya idarəsinin obyektivliyi şübhə doğura bilərdi.
Maraqlıdır, Braziliya mütəxəssisləri “qara qutu”nu tam obyektiv araşdırıbmı? Rusiya ilə Braziliyanın BRİKS təşkilatında müttəfiq olmalarının bu işə maneçiliyi ola bilərmi?
“Qara qutu”dan çıxan şifrələr saxtalaşdırıldığı təqdirdə təyyarənin özünün texnili imkanları ilə bağlı müzakirələr ortaya çıxa bilər, bunu da Braziliya istəmir”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “qara qutu”nun oxunması üçün Braziliyaya göndərilməsini ölkə başçısı İlham Əliyev də istəyib: “Prezident İlham Əliyev bununla bağlı fikir də bildirib. İnam, güvən olmasa idi, ölkəmiz buna razılaşmazdı. Necə ki, məlum məsələnin Dövlətlərarası Aviasiya Komitəsində araşdırılmasını Prezident İlham Əliyev istəməyib. Bunun da səbəbini Prezident belə izah edib ki, o komitədəkilər Rusiya mütəxəssisləridir. Rusiya maraqlı tərəf olduğu üçün razılıq verilməyib. Ancaq BRİCS-də Rusiya və Braziliyanın birlikdə olmasına baxmayaraq Qazaxıstan, Rusiya və Azərbaycan da bu prosesdə iştirak edir. Orda saxtakarlıq etmək üçün şərait yaradılmayacaq. Bu baxımdan braziliyalılara ümidliyəm”.
Ekspert hesab edir ki, “qara qutu”nun oxunması ilə gerçəklər üzə çıxacaq: “Məlum təyyarə qəsdən vurulub, onun dənizdə batması üçün şərait belə yaratmışdılar. “Qara qutu”dan çıxan şifrələr saxtalaşdırıldığı təqdirdə təyyarənin özünün texnili imkanları ilə bağlı müzakirələr ortaya çıxa bilər. Bunu da Braziliya istəmir”.
Günel CƏLİLOVA