Rusiya səmasında ABŞ və rus sistemlərinin rəqabəti – Ukraynanın atdığı ATACMS raketlərinin heç biri S-400-ləri aşa bilmədi...
Rusiya hava məkanı şənbə günü ABŞ raketinin hücumu və rus müdafiə sistemlərinin rəqabətinin şahidi oldu. Rusiya Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin ABŞ istehsalı olan səkkiz uzaq mənzilli ATACMS raketi ilə Belqorod vilayətinə hücum etdiyini bildirib. Bütün ATACMS raketləri S-400 və Pantsir-SM hava hücumundan müdafiə sistemləri ilə dəf edilib.
Hücumlardan sonra Rusiya ordusu Kiyev rejiminin Qərbin dəstəyi ilə təşkil etdiyi hücumlara cavab veriləcəyini bəyan edib.
Xatırladaq ki, Ukrayna qüvvələri son həftələrdə ABŞ istehsalı olan ATACMS ballistik və Fransa-Britaniya qanadlı raketləri də daxil olmaqla, müxtəlif Qərb silahlarından istifadə etməklə beynəlxalq səviyyədə tanınan Rusiya ərazisinə hücumlar təşkil edir. ABŞ prezidenti Bayden noyabr ayında Kiyevə Amerika istehsalı olan uzaqmənzilli raketlərlə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə icazə verib. Bundan dərhal sonra London və Paris də eyni addımı atıb.
Moskva xəbərdarlıq edib ki, bu cür hücumlar ABŞ-ın rəhbərlik etdiyi NATO blokunu birbaşa münaqişənin tərəfi edir və Ukraynanın, Qərb ekspertlərinin iştirakı olmadan belə yüksək dəqiqlikli silahlardan istifadə edə bilməyəcəyini vurğulayıb.
Rusiya prezidenti Putin bir müddət əvvəl bildirmişdi ki, Ukrayna ABŞ istehsalı olan ATACMS hücumlarına Rusiyanın yeni nüvə qabiliyyətinə malik “Oreshnik” ballistik raketi ilə cavab verəcək. Rusiya “Oreshnik” hipersəs ballistik raket sistemini ilk dəfə noyabrın sonunda ortaya çıxarıb. Sistemlə Ukraynanın Dnepr şəhərindəki böyük müdafiə sənayesi obyekti vurulub.
Putinin sözlərinə görə, “Oreshnik”in daşıdığı döyüş başlıqları səs sürətindən on dəfə sürətli ola bilir və mövcud hava hücumundan müdafiə sistemlərinin heç biri onun qarşısını ala bilməz.
Dekabrın 19-da isə Rusiya prezidenti “Oreshnik”lə bağlı bütün Qərb ölkələrinə mesaj göndərib: “Qoy onlar Kiyevdə hədəf müəyyən etsinlər, bütün hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini də orada cəmləşdirsinlər, sonra biz oradakı hədəfi “Oreshnik”lə vuraq. Baxaq nə baş verəcək. Biz belə bir təcrübəyə hazırıq. Qarşı tərəf də hazırdırmı?”
Qeyd edək ki, bir neçə ilə bundan əvvəl Türkiyə də Rusiyadan S-400 raketdən müdafiə sistemi alıb. Bir müddət əvvəl isə Qərblə Türkiyə arasında mübahisəyə səbəb olan sistemlərin istifadəsiz anbarlarda saxlandığı və ya üçüncü bir ölkəyə veriləcəyilə bağlı iddialar ortaya atıldı. Lakin təqaüddə olan pilot general-mayor Beyazit Karataş bütün bu iddiaları rədd edib: “Rusiyadan S-400-lər alındıqdan sonra təlimlər davam edir. Uçuş təlimi də bura daxildir. Yəni bizim təyyarələrimiz havada olarkən S-400 onlarla birlikdə işləyir. Ankarada yerləşdirilib. Heç bir ölkəyə də verilmir. Onlar öz işlərini çox yaxşı görürlər. Deyə bilərəm ki, pilotlarımız və Türkiyə Hərbi Hava Qüvvələri bu sistemdən razıdır”.
Türk general S-400-ləri Amerika “Patriot”ları ilə müqayisə də edib və bildirib ki, Rusiya sistemi Qərb sistemlərindən dörd dəfə yaxşıdır. Təqaüdçü general Türkiyə ordusunun S-400-ləri döyüşə hazır vəziyyətdə saxladığını deyib.
TAHİR