İran Zəngəzur dəhlizi ilə bağlı siyasətini dəyişir...
Məhəmməd Əsədullazadə: “Artıq Tehran başa düşür ki, dəhlizin açılması qaçılmazdır”
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla bağlı tezliklə İran nümayəndə heyəti Türkiyəyə səfər edəcək. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi siyasi deyil, bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir: “İranın mövqeyi sabitdir. Nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq”.
Bəqai onu da əlavə edib ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla bağlı İran nümayəndə heyəti tezliklə Türkiyəyə səfər edəcək: “Yəqin ki, yaxın vaxtlarda bizdən müvafiq qurumların iştirakı ilə bir nümayəndə heyəti məsələni yaxından müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq”.
Maraqlı gedişdir. Deyəsən, İran Zəngəzur dəhlizi ilə bağlı siyasətini dəyişir, mövqeyini yumşaldır.
“Suriyada proseslərin Türkiyənin lehinə işləməsi İranın mövqeyinə öz təsirini göstərib”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, İranın öz mövqeyini yumşaltmasını şərtləndirən bir sıra faktorlar var: “Ümumiyyətlə, Türkiyənin artıq həm Yaxın Şərqdə, həm Cənubi Qafqazda geosiyasi mövqeyi kifayət qədər güclənib. Bütün bunları İran görür və bununla hesablaşmaqdan başqa yolu yoxdur. Bütün bunlarla yanaşı, Türkiyə həm də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki bu, Türkiyənin Mərkəzi Asiya ilə birbaşa nəqliyyat əlaqəsinə gətirib çıxaracaq. Düzdür, İran hər zaman bunun əleyhinə olub. Ona görə ki, bu dövlət Türkiyənin əzəli rəqibidir. Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra İran bir neçə dəfə Araz sahilində hərbi təlimlər keçirərək güc nümayiş etdirdi. Lakin İranın Suriyada məğlubiyyəti regionda yeni geosiyasi reallıq yaradıb. Faktiki olaraq, Suriyada qalib tərəf Türkiyədir. Bütün bunların Türkiyənin lehinə işləməsi Tehranın mövqeyinə öz təsirini göstərib. Artıq İran başa düşür ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Regional güc olan Türkiyə bu prosesdə aktiv iştirak edir. Ona görə də İran bu məsələni artıq Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirmək istəyir. Bu minvalla öz maraqlarını təmin etməyə çalışır. Təbii ki, burada Azərbaycan əsas rol oynayır. Məhz Türkiyə İrana təzyiq edir ki, Zəngəzurla bağlı mövqeyini dəyişsin. Fikrimcə, bu xüsusda danışıqlar aparılacaq. Hesab edirəm ki, İran tərəfi artıq geri addım atacaq və Zəngəzur dəhlizinin açılması ilə razılaşacaq”.
Vidadi ORDAHALLI