Kanadalı nazirlər Trampın görüşünə gediblər
Kanadanın iki naziri bu gün ABŞ-da görüşlər keçirəcəklər. Belə ki, xarici işlər naziri Melani Joli və maliyyə naziri Dominik Leblan cümə günü ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının nümayəndələri ilə görüşmək üçün Vaşiqntona gələcəklər. Bu barədə CTV telekanalı məlumat yayıb.
Telekanal maliyyə nazirinin kommunikasiya üzrə direktoru Jan-Sebastyan Komyoya istinadən bildirib ki, Joli və Leblan noyabrda ölkənin Baş naziri Castin Trüdonun Trampla Mar-a-Laqodakı (Florida ştatı) iqamətgahında müzakirə etdiyi məsələlər üzrə məsləhətləşmələri davam etdirmək niyyətindədirlər.
Xatırladaq ki, həmin görüşdə D.Tramp C.Trüdoya Kanadadan idxal olunan mallara rüsum tətbiq edəcəyini deyib. Öz növbəsində Baş nazir gələcək Amerika administrasiyasının başçısına bu cür tədbirlərin Kanada iqtisadiyyatını məhv edəcəyini vurğulayıb.
Mətləb Salahov