İki standartlı AŞPA-nın İrəvanda yeni oyunu...
Məhəmməd Əsədullazadə: “AŞPA-nın Ermənistanda pozuntuları görməzdən gəlməsi riyakarlıqdır”
Dekabrın 9-da Ermənistanda Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin sessiyası işə başlayıb. Bu çərçivə AŞPA-nın baş katibi Despina Xatsivasiliu-Tsovilis də Ermənistana gəlib.
Sessiya başlamazdan əvvəl AŞPA-nın baş katibi və sessiyanın sədri, Hüquq Məsələləri Komitəsinin sədr müavini Pablo İspa Ermənistan parlamentinin sədri tərəfindən qəbul edilib. Görüşdə keçiriləcək sessiyanın təşkilati məsələləri müzakirə edilib. AŞPA sədri Teodoros Rusopulos sessiya iştirakçılarını salamlayıb. Daha sonra spiker Alen Simonyan açılış nitqi ilə çıxış edib.
Azərbaycana qarşı qərəzli və ikili standart siyasəti apardığı halda AŞPA-nın İnsan Haqları Komitəsinin iclasının İrəvanda keçirilməsinin mənası, məzmunu, mesajları nədir? Özü də o Ermənistan ki, müxalifəti bir sinif kimi ortadan qaldırır, siyasi rəqiblər həbs edilir, media azadlığı məhdudlaşdırılır. O baxımdan AŞPA-nın sözügedən tədbirinin Ermənistanda keçirilməsi nə deməkdir?
“Paşinyan hakimiyyətinin müxalif mövqedən çıxış edənləri necə sıxışdırdığı ortadadır”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Məhəmməd Əsədullazadə “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla bu, Ermənistanın anti-Rusiya siyasətinin bir göstəricisidir. Çünki Avrointeqrasiya siyasətini prioritet hesab edir. Göründüyü kimi, Qərb Cənubi Qafqazda Ermənistan vasitəsi ilə öz geosiyasi mövqeyini gücləndirməyə çalışır. Bu konteksdə biz görürük ki, Avropa İttifaqı Ermənistana çox ciddi siyasi dəstək verir. Hətta AŞPA-nın İnsan Hüquqları Komitəsinin iclası Ermənistanda keçirilir. Qərb insan hüquqlarını bayraq edərək regiona girməyə çalışır. Bu xüsusda Ermənistandan bir alət kimi istifadə edirlər. Guya Ermənistan Cənubi Qafqazda “demokratik imicə” malikdir. Halbuki, reallıqda vəziyyət tamam fərqlidir və Paşinyan hakimiyyətinin müxalif mövqedən çıxış edənləri necə sıxışdırdığı ortadadır. Təbii ki, biz Avropa İttifaqının, AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyini görürük. Xüsusən də siyasət və insan hüquqları məsələsində. Halbuki, Ermənistanda müxalifət sıradan çıxarılıb, keçmiş hakimiyyət nümayəndələrinə qarşı repressiyalar həyata keçirilir. Əvvəlki hakimiyyət təmsilçilərinə qarşı cinayət işi açılır. Alternativ fikir demək olar Ermənistanda aradan qaldırılıb. Nikol Paşinyan yalnız QHT müstəvisində fikir və söz azadlığına şərait yaradır. Müxalif siyasilər isə ona qarşı hər hansı mövqe ortaya qoyanda onlara qarşı hüquqi müstəvidə təzyiqlər həyata keçirilir. O baxımdan AŞPA-nın Ermənistanda pozuntuları görməzdən gəlməsi riyakarlıqdır. Göründüyü kimi, regionda yeni siyasi nizam yaradılır və Ermənistandan bir alət kimi istifadə edilir”.
Vidadi ORDAHALLI