ABŞ və İsrail Əsədlərin son hərbi güclərini də məhv etdi - niyə?
Azər Həsrət: "Onlar İraq və Suriyadakı kürdlər yaşayan bölgələri birləşdirib, Kürdüstan dövləti qurmaq fikrindədirlər"
İsrail ordusu Əsəd hakimiyyətinin devrilməsindən sonra Suriyaya, o cümlədən paytaxtı Dəməşqə 100-dən çox zərbə endirib. Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Buna qədər isə Dəməşq müxalif qüvvələr tərəfindən nəzarətə götürüldükdən sonra ABŞ aviasiyası Suriyanın havadan müdafiə sistemləri və balistik raketlər yerləşən hərbi bazalarına 75 zərbə endirib.
İsrail və ABŞ nəyə görə Əsəd rejimi devrildikdən sonra Suriyanin havadan müdafiə sistemləri və ballistik raketlər yerləşən hərbi bazalarını bombarduman edir?
Baki-xeber.com saytının sualına cavabinda siyasi şərhçi Azər Həsrət bildirdi ki, Suriyada sevinməyə macal tapmamış bu xəbərləri eşitmək heç də xoş olmadı: "Suriya, ərəb dövləti olmasına baxmayaraq, böyük türk dünyasının bir parçasıdır. Günü bu gün də Suriyada canımızdan-qanımızdan olan türklər - turkmənlər yaşayır. Sayları da milyonlarladır. Üstəlik, Əsəd rejimindən daha çox əziyyət çəkən kəsim də elə türkmənlər olub. İndi qardaş Türkiyənin öncüllüyü ilə bu proseslər gedərkən İsrail və Amerianın belə fursətçılik etməsi çox kədərləndirici bir durumdur. Yəni Suriya faktiki olaraq sabitləşməyə qədəm qoymaq üzrə idi. Müharibəni bitirən xalq rahat nəfəs almağa hazırlaşırdı.
Hələ ki, bir tərəfdə PKK terrorçuları qalmaqdadır, ölkə onlardan da təmizlənəcək. Lakin ölkənin böyük şəhərlərində hakimiyyət məsələsi bitmiş sayıla bilərdi. Belə bir vaxtda İsrail, hətta Dənəşqin yaxınlığındakı yüksəklikləri fürsətdən istifadə edərək ələ keçirdi. Artiq Şam şəhərinin 40 km-liyində İsrail hərbiçiləri yerləşib. Bunlar heç bir zərurət olmadan baş verən hadisələrdir - fürsətçilikdir.
Bu gün Suriyaya nəzarət edən qüvvələrin İsraillə hər hansı bir problemi yoxdur. Onlar gələcəkdə İsrailə hücum etmək, onunla savaş açmaq fikrində də deyillər. Suriya indi belini dikəldib özünə gəlmə mərhələsini yaşamalıdır. Onların uzaq perspektivə hesablanan əsas məqsədləri bundan ibarətdir. Onların artıq qonşularla deyil, özləri ilə məşğul olacağı mərhələ yetişib. Belə bir şəraitdə İsrail və ABŞ-ın bu cür davranması daha çox PKK-YPG terrorçu qruplarını qorumaq məqsədi güdür. Görürsünuzmü, Fərat çayının şərq sahilində hələ də qalmaqda olan PKK terrorçu qruplarla mübarizə gedir. Artıq iki gün öncə Membiç şəhər onlardan azad edildi. Bu hərəkat, əlbəttə, davam edəcək. Bütün Suriya ərazisindən PKK-YPG terrorçularının rədd olub getməsi üçün ardıcıl addımlar atılacaq.
Belə bir şəraitdə İsrailin ABŞ-la birlikdə bu cür davranması ona hesablanıb ki, əsas qüvvələri PKK-YPG üzərinə getməkdən çəkindirsinlər. Amma bir şeyi unudurlar ki, bu prosesdə Turkiyə də həmişə sözünü deyib və deyəcək. Ona görə də arzu etməzdik ki, İsrail belə fürsətçilik etsin. Azərbaycanın İsrailə həmişə rəğbəti olub, hörmətlə yanaşmışıq, amma burada artıq qırmızı cizgilər aşılır. İsrailə yol göstərənlər düşünməlidir ki, Azərbaycan ictimai rəyində də onlara qarşı fərqli fikir formalaşa bilər.
Fikrimizcə, İsrsil indiki şəraitdə dinc qonşuluğa üstünlük verməli idi. Suriyaya qarşı hər hansı bir hərəkət etməməli idi. Əksinə, İsrail ona yardım etməli idi ki, Suriya normal həyata tezliklə dönə bilsin. Bunlar nə edir..?
İndi İsrailin nəzarətində Suriyanın güneyindən İraq sərhədi boyunca - kürdlərin İraqda yasadığı əraziyə doğru bir dəhlizin açılmasından danışırlar. Onlar İraqdakı və Suriyadakı kürdlər yaşayan bölgələri bu dəhliz vasitəsilə birləşdirib, Kürdüstan dövləti qurmaq fikrindədirlər. Əlbəttə, Türkiyə onların hamısının təpəsini layiqincə əzəcək".
Dəniz NƏSİRLİ