"Suriya hadisələri bizim üçün acı nəticələr doğuracaq" - erməni politoloqun sancıları...
Tural İsmayılov: “Ermənistanla Suriya arasında formalaşmış əlaqələrin itməsindən qorxan qüvvələr var”
Əsəd rejiminin çökməsindən narahat olan erməni politoloq – Hrant Melik-Şahnazaryan bu prosesin Ermənistan üçün acı nəticələri olacağını iddia edib.
O bildirib ki, Dəməşq düşdüyü üçün Ərdoğanın qızı sosial şəbəkələrdə atasını təbrik edib: “Türkiyə və Rusiya eyni məqsədi güdürlər. Biri Osmanlı imperiyasını, digəri Rusiya imperiyasını bərpa etməyə çalışır. Hər ikisinin bu işdə müəyyən uğurları var”.
Onun fikrincə, “yaranan yeni dünya nizamı yeni güc balansını” nəzərdə tutduğu üçün Cənubi Qafqazın iki ölkəsi – Azərbaycan və Gürcüstan buna hazırlaşır: “Gürcüstan anladı ki, bu dəyişikliklər dövründə dəqiq seçim etməyi bacarmaq lazımdır. Və onlar Avropanın vədlərini Abxaziyanın geri qaytarılması perspektivinə tabe edərək bu seçimi etdilər. Artıq İran qüvvələri Azərbaycanın Zəngəzuru işğal etməyə hazırlaşdığı barədə xəbərlər yayırlar. Amma biz heç nə hiss etmək istəmirik”.
Maraqlıdır, Ermənistanın Suriyada baş verənlərdən narahatlıq keçirməsinə səbəb nədir?
“Əsəd Ermənistanla Suriya arasında körpü yaratmaq, əlaqələri dərinləşdirmək üçün…”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan daim Suriyada Bəşər Əsədi dəstəkləyib. Son 10-15 ildə Əsəd Ermənistanın həm əvvəlki, həm də indiki Nikol Paşinyan hakimiyyəti ilə Türkiyəni qıcıqlandırmaq üçün əlaqələri güclü olub: “Eyni zamanda Suriyada yaşayan erməni icmasından diaspora təşkilatı kimi istifadə edib. Onlardan Ermənistanla Suriya arasında körpü yaratmaq, əlaqələri dərinləşdirmək üçün həmişə istifadə edib. Hesab edirəm ki, bütün bunları nəzərə alan Hrant Melik-Şahnazaryan Əsəd rejiminin çökməsini, həm də Ermənistan üçün acı adlandırır. Çünki bundan sonra Suriyada istibdad deyil, normal hökumət formalaşacaq. Bununla yanaşı, siyasi düşünəci olan hər kəs bilir ki, Suriya Türkiyə kimi qonşusu ilə münasibətləri daim yaxşı saxlamalıdır. Türkiyə ilə körpüləri yandırmağa ehtiyac yoxdur. Bu baxımdan da hesab edirəm ki, Ermənistanla Suriya arasında formalaşmış əlaqələrin itməsindən qorxan qüvvələr var. Onlar vəziyyətin bundan sonra daha da gərgin qalacağını düşünür. Ancaq istənilən halda, Ermənistan elə də ciddi siyasi oyunçu deyil ki, Suriya və Suriyaya marağı olan qlobal güclər üçün münasibətləri korlasın. Ermənistan ciddi siyasi çəkisi olan ölkə deyil”.
Günel CƏLİLOVA