"Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib" - Nazir müavini
Azərbaycan Ermənistana sülh sazişi barədə təklifini edib. Qələbə qazanan ölkənin məğlub tərəfə sülh təklifi etməsi az hallarda baş verən prosesdir. Bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfransda söyləyib.
O bildirib ki, Ermənistanla sülh sazişi barədə ABŞ-da, Rusiyada və Qazaxıstanda müzakirələr aparılıb.
Sülhün əldə edilməsindəki maneələrdən danışan E.Məmmədov qeyd edib ki, Ermənistanın konstitusiyasındakı ərazi iddiaları sülhə əsas maneədir. Digər bir problem isə müxalifətin mövqeyidir.
Nazir müavini bildirib ki, Azərbaycan torpağı olan Qarabağın Ermənistanın bir hissəsi adlandırılması onların milli ideologiyasıdır, halbuki Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib.
Onun sözlərinə görə, Ermənistanın davranışları Alma-Ata Bəyannaməsinə ziddir. Ermənistan Konstitusiyasında dəyişiklik etməməklə bərabər, reallıqları da təhrif edir.
“Müzakirələrdə Qarabağın Azərbaycanın bir hissəsi olması barədə suallara Ermənistan tərəfi cavab verə bilmir. Çünki ölkəmizə qarşı ərazi iddiaları onların qanunvericiliyində mövcuddur”, - deyə nazir müavini vurğulayıb.
ZÜMRÜD