Saxta qidalara görə 10 il həbs cəzası ala bilərsiniz - ekspertlər "çoxdan lazım idi" deyir...
Eyyub Hüseynov: “Qidadan zəhərlənməni sübut etmək üçün həkim rəyi lazımdır, həkimlərsə…”
Məlum olduğu kimi, təhlükəli qida məhsullarını istehsal edənlər, satışını təşkil edənlər və ya satış məqsədilə saxlayanlar 10 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər. Bu, Cinayət Məcəlləsinə təklif edilən yeni – 200.3-cü maddədə əksini tapıb.
Layihəyə əsasən, bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması, bu əməllər xeyli miqdarda törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qeyd edək ki, ət və ət məhsulları, quş əti və quş əti məhsulları, balıq və dəniz məhsulları, heyvan mənşəli konservləşdirilmiş məhsullar, süd və süd məhsulları və heyvan yemi üçün istifadə olunan məhsullar yüksək risq qrupuna aiddir.
Maraqlıdır, qanunvericiliyə edlən bu dəyişiklik təhlükəli qida məhsulunun satışının qarşısını ala biləcəkmi?
“Təhlükəli qida məhsullarını istehsal edənlər, satışını təşkil edənlərin sərt şəkildə cəzalandırılması müsbətdir”
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qidadan zəhərlənmələr olub və bu gün də belə faktlar var. Amma təəssüf ki, çox zaman bu cinayətlər cəzasız qalır. Qidadan zəhərlənməni sübut etmək üçün həkim rəyi lazımdır. Həkimlərsə zəhərlənmə ilə bağlı heç zaman məhkəməyə müsbət rəy vermir: “Təhlükəli qida məhsullarını istehsal edənlər, satışını təşkil edənlərin sərt şəkildə cəzalandırılması müsbətdir. Onu da deyim ki, qanunla AQTA-ya yeni səlahiyyətlər verilir. Zəhərlənmənin qarşısını almaq üçün hətta istehsal prosesində və anbarda saxlanılan zəhərli məhsulların aşkarlanması üçün AQTA müəyyən iş apara bilər. Ancaq onu da nəzərə almaq lazımdır ki, qurumun elə bir səlahiyyəti və imkanı yoxdur ki, bütün istehsal və xidmət sahələrini 7/24 nəzarətdə saxlasın. Təəssüf ki, hansısa yolla zəhərli məhsullar bazara yol tapa bilir”.
Günel CƏLİLOVA