Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...
61 illik Bəəs rejimini devirən Suriyanın yeni rəhbərliyi İrana qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmağa hazırlaşır. Bu barədə Livanda çıxan “Əl-Mudun” qəzeti Suriyanın yeni siyasi administrasiyasına yaxın mənbəyə istinadən məlumat yayıb.
Dəməşq və Tehranda səfirlilərin açılması ilə bağlı diplomatik danışıqlar da daxil olmaqla, yeni Suriya administrasiyası ilə İran arasında heç bir görüş olmadığını deyən mənbə, Əsəd rejiminin lehinə ittifaq yaradan Tehrana qarşı iddia qaldıracaqlarını bildirib.
İddiaya səbəb İranın bölgədəki siyasətinin suriyalılara və Suriya infrastrukturuna vurduğu ziyan göstərilir. Qeyd edilir ki, Suriyanın yeni administrasiyası İrandan onlara 300 milyard dollar təzminat ödəməsini tələb edir.
Suriyanın müvəqqəti baş naziri Məhəmməd əl-Bəşir ölkədə maliyyə böhranının yaşandığını deyib. Ölkədə valyuta qıtlığının olduğunu və bunun həllinin zaman alacağını bildirən Bəşir, "Banklarda ancaq dəyərsiz Suriya sikkələri var. Xarici valyuta yoxdur: “Bir ABŞ dolları bizim 35 min sikkəmizə bərabərdir".
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda İranın yeni qurulan Suriya hökumətindən 30 milyard dollar təzminat tələb etdiyi barədə xəbərlər yayılıb. Xəbərlərdə Tehranın “hökumət dəyişsə belə, İranın Suriya ilə bağlı iddialarından əl çəkməyəcəyi, Suriyada qurulacaq yeni administrasiyanın İran xalqına bu borcu ödəmək məcburiyyətində qalacağını" bildirdiyi qeyd edilir.
TAHİR