SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..
Dövlət şirkəti pərakəndə yanacaq satışı sektorunu inhisarlaşdırmaq istəyir
Artıq bu ilin sentyabr ayından başlayaraq ölkənin şimal bölgəsində yanacaq qıtlığı hiss edilməkdədir. Ölkədə yanacaq qıtlığının başlanmasından üç ay ötür, bu problem digər regionlara da sirayət etməkdədir. Bakı və regionlarda “Aİ-92” markalı benzinin qıtlığı ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.
Sosial şəbəkələrdə Bakı, Gəncə, Qusar, Quba, Xaçmaz və Sumqayıtda bəzi yanacaqdoldurma məntəqələrində "Aİ-92" markalı benzin olmadığı bildirilir.
Məsələ ilə bağlı SOCAR-dan KİV-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərən Neft Bazası Sahələrindən (NBS) sahibkarlar tərəfindən yanacaq götürülməsi və daşınması üçün müvafiq şərait yaradılıb.
"Bununla yanaşı, Bakıda yerləşən NBS-lərdən regionlara yanacaq daşınması prosesinin daha da təkmilləşdirilməsi məqsədilə SOCAR tərəfindən özəl şirkətlərlə müvafiq danışıqlar aparılır.
Həmçinin qeyd edilir ki, “SOCAR PETROLEUM” QSC-nin regionlarda fəaliyyət göstərən yanacaqdoldurma stansiyalarına yanacaq QSC-nin Bakı şəhərində fəaliyyət göstərən 1 və 22 saylı NBS-lərindən şirkətin nəqliyyat vasitələri ilə təchiz edilir.
Qusarda yanacaqdoldurma məntəqəsində çalışan əməkdaşlardan biri bildirdi ki, Qusarda benzin qıtlığı sentiyabr ayından başlayıb. Dizel yanacağının çatışmazlığı isə bu yaxınlarda müşahidə edilməyə başlayıb.
Onun sözlərinə görə, benzin və ya dizel yanacağını yalnız SOCAR və “Azpetrol”a məxsus iri yanacaqdoldurma məntəqələrində tapmaq olar.
Sürücülər Xudatda da oxşar problemlə üzləşdiklərini qeyd ediblər. Onlardan biri Qusarın kəndlərində kiçik yanacaqdoldurma məntəqələrinin boş qaldığını, maşınlarında yanacaq qurtaranda, yolda qaldıqlarını deyib.
“Pioner” yanacaqdoldurma məntəqəsinin Qusardakı nümayəndəsi Emin Əliyev də açıqlamasında bu problemlə üzləşdiyini təsdiqləyib. Onun sözlərinə görə, şirkətin üç yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir - biri rayon mərkəzində, ikisi isə kəndlərdə. Onlar son bir ay ərzində zavoddan "Aİ-92" markalı benzini məhdud həcmdə alıblar.
SOCAR-a aid olmayan digər yanacaqdoldurma məntəqələri də təxminən eyni fikiri təkrarladılar.
Məlum oldugu kimi, ölkədə yanacağın bütün növlərinin qiyməti dövlət tərəfindən Tarif (qiymət) Şurası vasitəsilə tənzimlənir. Hökumət bu tənzimləməni o məqsədlə həyata keçirir ki, yanacağın qiyməti aşırı dərəcədə bahalaşmasın, bu məhsul bütün vətəndaşlar və sahibkarlar üçun əlçatan olsun. Başqa sözlə desək, ölkədə yanacagın pərakəndə satışı, bu prizmadan baxanda sosial layihə sayıla bilər. Bu sosial layihənin icrasında topdansatış subyekti kimi SOCAR iştirak edir. Pərakəndə satış ilə isə əsasən özəl şirkətlər məşğul olur. Özəl şirkətlərin mənfəət normasını qorumaq üçün hökumət həm topdansatış qiymətlərini, həm də pərakəndə satış qiymətlərini Tarif (qiymət) Şurasının qərarı ilə müəyyən edib. Bu iki qiymət fərqi pərakəndə satışla məşğul olan sahibkarın mənfəətini təmin edir. Yanacağın topdansatış qiymətinə onun yanacaqdoldurma məntəqələrinə çatdırilma xərcleri də daxildir. Bu o deməkdir ki, SOCAR yanacağı pərakəndə satış məntəqələrinə çatdirmağa borcludur. Çünki ölkədə yanacağın topdansatışını həyata keçirmək səlahiyyəti olan dövlət qutumu SOCAR-dır.
Ölkədə yanacaq istehsalında heç bir problem yoxdursa, yanacagı çatdırmaq üçün səlahiyyətli qurum varsa, nəyə görə yanacaq qıtlığı yaranmalıdir? Bu suala SOCAR rəsmiləri cavab verməlidir. Lakin SOCAR bu suala konkret cavab verə bilmir. Belə hiss edilir ki, şirkətin nəqliyyat parkında yanacaq daşıyan yük maşınlarının çatışmazlığı var. Amma şirkət sözçüləri bu problemin olmadığını bildirir. Elə isə nəyə görə SOCAR yanacağın daşınması üçün özəl şirkətlərlə danışıq aparır?
Fikrimizcə, bu cavab yalnız sualdan yayınmaq metodudur.
Bu yerdə bir haşiyə çıxaq ki, son zamanlar neft sektoru ilə əlaqəsi olan vətəndaş cəmiyyəti nümayəndələri bildirir ki, son 3-4 ildə SOCAR-da kadr dəyişiklikləri mənfiyə doğtu sürətlə irəlləyir. Belə ki, təcrübəsi olan kadrlarla vidalaşılır, onların yerinə isə xaricdə təhsil almış qeyri-peşəkar gənclər təyin edilir. Səbəb bu da ola bilər. Amma başqa bir versiya daha inandırıcı və spesifikdir.
Nəzərə alsaq ki, SOCAR törəmə şirkətləri olan "Azpetrol" və "SOCAR" vasitəsilə həm də yanacağın pərakəndə satışı ilə məşğul olur. Onda məsələlər bir qədər aydınlaşır. Güman etmək olar ki, SOCAR ona verilən bu səlahiyyətdən sui-istifadə edərək bazarın pərakəndə yanacaq satışı sektorunu da ələ keçirmək istəyir. Sahibkarlara vaxtında və kifayət qədər yanacaq çatdırılmır və süni problem yaradılır. Sonra da rəhbərliyə məruzə edilir ki, özəl şirkətlər işi yarıtmır, əhali arasında narazılıq var, çıxış yolu axtarmaq lazımdır. Yuxarıdan onlara təklif verməyi tələb edəndə isə deyəcəklər ki, SOCAR-ın yanacaqdoldurma məntəqələrinin sayını artırmaq lazımdir, çünki həmin yanacaqdoldurma məntəqələri daha yaxşı işləyir.
Kiçik bir sorğu apardıq. Tanıdığımız sürücülərdən mobil rabitə vasitəsilə soruşduq ki, hansı yanacaqdoldurma məntəqəsindən razısınız? Əksəriyyətin cavabı "Azpetrol" və "SOCAR" oldu. Sürücülər deyir ki, bu yanacaqdoldurma məntəqələrində həm yanacaq həmişə olir, həm də digərlərinə nisbətən bu məntəqələrin yanacağı dapha keyfiyyətli olur. Ola bilsin ki, SOCAR özünə məxsus olmayan yanacaqdoldurma məntəqələrinə keyfiyyətsiz yanacaq göndərir. Belə bir problem də mövcuddur.
Problemdən çıxış yolunu isə SOCAR-ı pərakəndə yanacaq satışı bazarından çıxarmaqda görürük. Belə olan halda həmin bazarın axsadılmasında, problemlərin yaranmasında SOCAR-ın hec bir marağı qalmayacaq.
Akif NƏSİRLİ