Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb
Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları cəmiyyətimizin bir parçasına çevrilib. Bu gün demək olar ki, bu sahə dövlət strukturları və vətəndaş cəmiyyəti institutları, iqtisadi və sosial sektorlar, elm və təhsil, mədəniyyət və bütövlükdə insanların həyat tərzini əhatə edib.
Artıq mövcud texnologiyalar ölkəmizi qlobal informasiya mühitinin bir parçasına çevirib. İnformasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsi sosial və iqtisadi fəaliyyətin yeni formalarını yaradıb. Bu mənada sözügedən sahənin inkişaf etdirilməsi dövlətimizin əsas prioritet sahələrindən birinə çevrilib.
İnternetin yaranması süni intellekt texnologiyasının inkişafı üçün əlavə stimul oldu
İnsan zəkasını imitasiya edə bilən texnologiyanın, yəni bu gün bildiyimiz süni intellektin ideyası müasir kompüterlər ortaya çıxmamışdan çox əvvəl yaranıb. Süni intellekt termini ilk dəfə 1956-cı ildə Dartmut konfransı zamanı istifadə olunub. Həmin dövrdən sonra dünya üzrə korporasiyalar və hökumətlər süni intellektin inkişafına böyük sərmayələr yatırmağa başladı. Lakin 1974-cü ildə süni intellekt sahəsində tədqiqatların maliyyələşdirilməsi dayandırıldı. Məlum oldu ki, qarşıya qoyulan hədəflərə nail olunmayıb və yaxın gələcəkdə reallaşacağı da inandırıcı görünmür. Tədqiqatlar faktiki olaraq dalana dirəndi. Bu dövrdən sonra süni intellektə maraq periodik yaranıb itsə də, super kompüterlərin ortaya çıxması bu sahənin inkişafında yeni dönəm açdı. 1997-ci ildə şahmat üzrə o zamankı dünya çempionu Harri Kasparov “Deep Blue” super kompüterinə uduzdu. Süni intellektin pionerləri olan Nobel mükafatı laureatları Herbert Saymon və Allen Nyuell hələ 1958-ci ildə 10 il sonra rəqəmsal kompüterin şahmat üzrə dünya çempionu olacağını iddia edirdilər. Təxminən 30 il gecikmə ilə olsa da, bu baş verdi. Artıq 2000-ci illərdə kompüterlərin hesablama gücü böyük məlumat axınlarını emal etməyə imkan verirdi. İnternetin yaranması ilə isə yığılan və emal olunan məlumatların sayı kəskin artdı. Bu, süni intellekt texnologiyasının inkişafı üçün əlavə stimul oldu.
Onlayn platformaların sürəti və əlçatanlığı səbəbindən dezinformasiya sürətlə artıb
Süni intellektin imkanlarından həm də müəyyən dövlətlər, dairələr öz siyasi məqsədləri üçün istifadə edirlər. Belə ki, müstəqil siyasət yeridən ölkələri hədəf alaraq dezinformasiya kampaniyası aparırlar. Bu məqsədlə feyk xəbərlərə ağırlıq verilir. Rəqəmsal əsrdə onlayn platformaların sürəti və əlçatanlığı səbəbindən dezinformasiya sürətlə artıb. Faktların insanlar tərəfindən yoxlanılmasını əhatə edən ənənəvi fakt yoxlama üsulları bəzən saxta xəbərlərin sayı və sürəti ilə ayaqlaşa bilmir. Bu üsullar hərtərəfli olsa da, onlar çox vaxt ləng olur və faktı yoxlayana qədər sosial mediada viral olmağını izləməklə qalır. Ona görə də dezininformasiyalarla mübarizədə süni zəkaya söykənən yeni metodlara önəm verilməlidir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda “STRATCOM 24” sammiti çərçivəsində təşkil olunan “Süni intellekt və strateji kommunikasiya: Azərbaycanın gələcəyi üçün bir baxış” mövzusunda panel iclasda deyib ki, Qərb və Ermənistan mətbuatı tərəfindən, xüsusi İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatları, eləcə də COP29 ilə bağlı yayımlanan saxta xəbərlər ölkəmizə qarşı mütəmadi olaraq tətbiq edilən dezinformasiya siyasətinin nümunələridir və bu hal hələ də davam edir. Azərbaycanın dezinformasiya ilə mübarizədə süni intellektdən istifadə etdiyini bildirən Hikmət Hacıyev vurğulayıb ki, Vətən müharibəsinin bitməsinə baxmayaraq, ölkəmizə qarşı hələ də dezinformasiya siyasəti aparılır. Azərbaycan bu məsələni Ermənistan tərəfi ilə danışıqlar zamanı da diqqətə çatdırır.
Görünən odur ki, xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb. O baxımdan bu metoddan istifadəni və əhəmiyyətini necə ekspertlər necə dəyərləndirir?
Çox təəssüflər olsun ki, dezinformasiyanın yayılmasında süni zəkadan istifadə olunur
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədlinin fikrincə, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra daha çox qaralamalara məruz qalır: “Bu da ondan irəli gəlir ki, Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Bəlli məkrli qüvvələr müxtəlif media resursları vasitəsi ilə ölkəmizi hədəf alırlar. Bunu açıq bəyan edirlər. Həm Ermənistan, həm də onların havadarları bu işdə fəal rol oynayırlar. Bu baxımdan Azərbaycana qarşı olan belə qərəzli münasibət hələ səngiməyəcək. Onlar bütün resurslardan istifadə edərək ölkəmizə qarşı dezinformasiyalar yayacaqlar. Son zamanlar isə Azərbaycan əleyhinə süni zəka üzərindən kampaniya aparılır. Saxta və feyk xəbərlərin sayı artmaqdadır. Düzdür, bu, o demək deyil ki, süni intellektin yalnız mənfi fəsadları var. Süni zəka əslində bəşəriyyətin kəşf etdiyi mühüm naliyyətlərdən biridir. Süni zəka məlumatların toplanmasında, bu işlərin görülməsində insana yaxından kömək edən vasitələrdən biridir. Ümumiyyətlə, süni zəka insan əməyini azaldan bir sahədir. Ancaq çox təəssüflər olsun ki, dezinformasiyanın yayılmasında süni zəkadan istifadə olunur. Bu da istər-istəməz vəziyyəti qəlizləşdirir. Onun yayılma imkanları çoxalır və bir sıra hallarda bunu önləmək mümkünsüz olur. Ona görə də biz bu yöndə səylərimizi daha da artırmalıyıq. Bütün qabaqcıl texnologiyalardan effektiv şəkildə istifadə etməklə ölkəmizə yönəlik informasiya təhdidlərini neytrallaşdırmalıyıq”.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.