Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...
Debat baş tutsa, onun eks-prezidentləri cəmiyyətə "günahkar keçi" kimi təqdim etməsi çox asandır
Ermənistanın baş naziri Nikol Paşinyanın eks-prezidentlərə debat təklifi həm erməni, həm də Azərbaycan mediasında müzakirə edilir. Azərbaycanda iddia edilir ki, məsələnin qoyuluşu səhvdir - Ermənistanda 90-cı illərdən bəri Qarabağın Azərbaycana qaytarılması barədə hər hansı bir fikir olmayıb.
Nə qədər qəribə olsa da, eks-prezidentlər də bu mövqedən çıxış edir. Amma onlar həm də səhvən iddia edir ki, guya Qarabağı Azərbaycana Nikol Paşinyan "təhvil verdi". "Təhvil verdi"sə, onda 44 günlük müharibə, minlərlə itki nə üçün verildi?
Belə ki, Paşinyanın sosial şəbəkələrdə Qarabağ problemi ilə bağlı etirafi Ermıənistanın sabiq prezidentləri arasında narazılıq yaradıb. Paşinyan sözügedən paylaşımda yazıb: “1994-cü ildən, yəni atəşkəsdən sonra Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesi davam edib. Danışıqlar prosesinin başqa məzmunu yox idi. Ermənistan Respublikasında başqa məzmunlu diskussiyalar sırf daxili siyasi problemlərin həlli üçün tətbiq edilib”.
Əslində 90-cı ildən bəri Azərbaycan ilə Ermənistan arasında baş verənləri Paşinyan da yaxından izləyib və hadisələrin hansı şəkildə cərəyan etməsini dəqiq xronoloji ardıcıllıqla bilir. Çünki həmin vaxt baş nazir jurnalustika fəaliyyəti ilə məşğul idi. O, çox gözəl bilir ki, 44 günlük müharibəyə qədər heç vaxt Ermənistan rəhbərliyinin, onun prezidentlərinin və bu dövlətin beynəlxalq havadarlarının Qarabağı Azərbaycana qaytarmaq fikri olmayıb. Əksinə, beynəlxalq səviyyədə hədəf ondan ibarət olub ki, 2020-ci ilin 27 sentyabr tarixinə qədər mövcud olan status-kvo onilliklərlə saxlanılsın, Azərbaycanda nəsil dəyişsin və işğal edilmiş torpaqlar unudulsun. Ardınca isə hər hansı bir formada Qarabağ və ətraf rayonlar Ermənistan ərazisi kimi rəsmiləşdirilsin. Elə isə, Paşinyan nədən məsələləri qəsdən qarışdırır, hamıya gün kimi aydın olan ən yeni tarixi təhrif etməyə çalışır, məqsəd nədir?
Bəli, bu yerdə xatırlatmaq gərəkir ki, artıq Ermənistanda seçkilərə bir il qaldı - 2026-cı il seçkilər ilidir. Ölkədə Paşinyanın qarşısına çıxa biləcək, onu məğlub edəcək elə ciddi bir siyasi qüvvə yoxdur. Amma Nikolun reytinqi artıq 2018-ci ildəki kimi 80 faizin üzərində deyil. Axrıncı seçkilərdən sonra baş nazirin reytinqinin 60-70 faiz arasında tərəddüd etdiyi bildirilir. Paşinyanın dəstəkçiləri olan Qərb institutları seçki texnologiyalarını çox gözəl bildiklərindən ona məsləhət verirlər ki, bu reytinqlə seçkiyə getmək risqlidir. Ona görə də baş nazir bu yalan üzərində qurulmuş debat şousundan istifadə edərək elan edilməmiş seçki kampaniyasına start verdi.
Paşinyan istəyir Qərbin onun üçün hazırladığı ssenari ilə bir daha sübut etsin ki, əslində Qarabağın itirilməsinin əsas səbəbkarı ona qədər hakimiyyətdə olan siyasi qüvvələrdir. Paşinyanın qoyduğu məsələ yalan və qıcıqlandırıcı olsa da, mahiyyətdə bir həqiqət payı var ki, Sarkisyan-Koçaryan hakimiyyəti Azərbaycanın razılaşdığı, münaqişənin dinc yolla mərhələli həllinə razılaşıb, heç olmasa Qarabağa status ala bilərdi və Qarabağ erməniləri qaçqın düşməzdi. Əslində Paşinyan məhz bu arqumentə əsaslanaraq eks-prezidentləri cəmiyyət qarşısında bir qədər də gözdən salmaq istəyir. Bu gün ölkə müxalifəti isə eks-prezidentlərin ətrafında olan elektoratdan təşkil edilib. Onların gözdən salınması baş nazirin reytinqini bir qədər qaldıra bilər.
Digər tərəfdən, baş nazir həmin dövrdəki korrupsiya məsələlərinə diqqət çəkə bilər, eks-prezidentləri yararsız silahlar almaqda günahlandıraraq onları 44 günlük müharibədəki biabırçı məğlubiyyətin səbəbkarı kimi cəmiyyətə təqdim edə bilər. Yəni Paşinyan üçün əsas məsələ debatın təşkil edilməsidir. Onun əlində keçmiş prezidentlərə qarşi tamamilə yad mövzularda kifayət qədər kompromatlar var. Debat baş tutarsa, onun eks-prezidentləri cəmiyyətə "günahkar keçi" kimi təqdim etməsi çox asandır.
Bu məsələdə baş nazirin ikinci hədəfi cəmiyyətin sındırılmış ruhunu dircəltməkdir. Elə bu da dolayısı ilə seçki kampanyasının bir elementidir. İstənilən cəmiyyətdə bu kimi məğlubiyyətlər ruh düşkünlüyü yaradır. Bu isə cəmiyyətin özünə inamını sarsıdır. Bunu aradan qaldirmaq üçün adətən iqtidarlar, kiçik də olsa, hərbi qələbədən istifadə edirlər. Əks təqdirdə belə sarsıntılar cəmiyyətdə uzun müddət unudula bilmir. İndi isə Paşinyanın Azərbaycanla qalibiyyətli kiçik bir toqquşmaya belə getmək imkanı yoxdur, amma bunu çox istəyir. Hətta müttəfiqləri ilə bunu müzakirə edir və belə bir şəraitin yaranmasına az da olsa ümid bəsləyirlər. Ona görə də Ermənistan Qərb və Amerikanin dəstəyi ilə silahlanır.
Eyni zamanda, bu kiçik ümid səbəbindən Paşinyan sülh sazişini imzalamağa da tələsmir. Amma kicik qalibiyyətli müharibə variantı ilə cəmiyyətin sınmıs ruhunu bərpa etmək imkani məhdud olduğundan, baş nazir uydurduğu yalanla erməniləri ruhlandirmaq istəyir. Yəni belə fon yaratmaq istəyir ki, eks-prezidentlər düzgün siyasət yürütsəydi biz məğlub olmazdıq, biz "məğlubedilməz xalqıq". Yəni bu yolla o, cəmiyyətin ruh düşkünlüyündən, özünə qapanmasından, stresdən çıxmasını təmin etmək istəyir.
Nəticə olaraq onu qeyd edək ki, bu gün Nikol Paşinyanın əsas hədəfi 2026-ildə keçiriləcək seçkilərdə qələbəni təmin etməkdir. Bu qələbənin təmin edilməsi üçün o, istənilən yalanı uydurmağa hazırdır.
Akif NƏSİRLİ