“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...
Azər Həsrət: “Prezident İlham Əliyev öz çıxışında açıq mesaj verir ki, Azərbaycanı daxildən qarışdırmaq, dünya ilə qarşıdurmaya sürükləmək alınan deyil”
“Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi - bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq”.
Bu sözləri Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
Prezident bir daha bəyanat etdi ki, Azərbaycanda bu kimi halları görmürük və görməyəcəyik də. Prezident hansı qüvvələrə mesaj göndərdi?
“...Azərbaycanda o qüvvələrin arzu etdiyi ortam yoxdur”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident bu bəyanatı ilə Azərbaycanın daxilini qarışdırmaq məqsədi güdənlərə mesaj verdi. “Prezident İlham Əliyev öz çıxışında açıq mesaj verir ki, Azərbaycanı daxildən qarışdırmaq, dünya ilə qarşıdurmaya sürükləmək alınan deyil. Yəni bilirsiz ki, xüsusən də qonşu Gürcüstanda baş verən prosesləri, siyasi qarşıdurmanı dərinləşdirməyə və gərginləşdirməyə çalışan xarici qüvvələr əslinə qalanda həm də Azərbaycana göz dikiblər. Bununla bərabər Suriyada baş verən hadisələr də diqqətimizdən qaçırılmamalıdır. Yəni faktiki olaraq bizim bölgəmizdə iki çox qaynar nöqtə var. Bunların birində qanlı qarşıdurmalar sonlandırılıb, normal dövlət qurulması üçün cəhdlər edilir. Digərində isə xalqın seçiminə qarşı xarici qüvvələrin birlikdə dirənişi var və bunun üçün də Gürcüstan xalqını ayaqda tutmağa çalırlar. Bax, bunun fonunda cənab Prezident o qüvvələrə mesaj verir ki, Azərbaycanda da eyni şeyləri etməyə heç kimə izn verilməyəcək, imkan yaradılmayacaq. Əslinə qalanda, cənab Prezident həm də o mesajı vermiş olur ki, Azərbaycanda o qüvvələrin arzu etdiyi ortam yoxdur” .
A.Həsrət vurğuladı ki, həqiqətən də bu gün Azərbaycanın xalqı ilə hakimiyyəti, dövləti iç-içədir, yəni arada uçurum yoxdur, narazılıq, ciddi qarşıdurma yoxdur. “Düzdür, ara-sıra bəzi problemlərlə bağlı elə bizim özümüz də narazılıq ifadə edirik. Amma bütün bunlar dövlət və xalq, hakimiyyət və xalq qarşıdurması üçün heç bir əsas deyil. Yəni cənab Prezident bu mesajı verir ki, bizim aramıza heç kim girə bilməyəcək. Azərbaycan xalqı öz dövləti ilə sıx əlaqədədir, öz dövlətinə güvənir. Xarici qüvvələr içimizdə qarşıdurma yarada bilməyəcəklər. Eyni zamanda onu da əlavə edək ki, Azərbaycanın içində az da olsa müəyyən siyasi qüvvələri, qruplaşmaları maliyyələşdirən xarici güclər var. Bunlara mesaj ötürür ki, yəni özünüzü boşuna yormayın, Azərbaycanda bu oyunlar keçməyəcək. Çünki həqiqətən də qonşu Gürcüstanda müşahidə etdiklərimiz ondan xəbər verir ki, orada doğrudan da xarici güclərin maliyyələşdirdiyi siyasi qüvvələr bu gün ölkəni iflic vəziyyətinə salmağa çalışır. Yəni artıq rəsmən təsdiqlənib ki, Tbilisinin küçələrində guya seçkinin nəticəsinə və sairə etiraz edən əhalinin böyük bir kəsimi məhz Qərbdən maliyyə alan qurumlara bağlı adamlardır. Bax, görürsüz, cənab Prezident bu məsələləri nəzərdə tutaraq bir mesaj verir ki, həmin oyunlar Azərbaycanda oynanılmasın. Zatən, oynanılacağı təqdirdə əvvəldən iflasa uğramış sayıla bilər”-deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA