Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...
Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Afrikadakı fəaliyyəti ilə bağlı diqqətçəkən iddialar irəli sürüb. Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və bioloji müdafiə qoşunlarının rəsmisi general Aleksey Rtişşev ABŞ-ın Ukrayna və Cənub-Şərqi Asiyadan sonra Afrikada biokimyəvi tədqiqatlar apardığını iddia edib.
"Rusiya ABŞ-ın Ukraynada və dünyanın digər yerlərində hərbi və bioloji fəaliyyətləri ilə bağlı bəyanatlar verməkdə davam edir. Əvvəllər Ukrayna və keçmiş Sovet İttifaqı ölkələrindəki fəaliyyətlər barədə məlumat vermişdik. İndi Afrika getdikcə daha çox mərkəzə çevrilir. ABŞ administrasiyası Afrikanı təbii və yoluxucu virusların mərkəzi kimi görür. Afrika bioloji müharibə üçün istifadə olunur. Hazırda Keniyada ABŞ Müdafiə Nazirliyinə bağlı 10 ekspert çalışır. Onlar Afrikanı dərmanların sınaq təcrübələri üçün də mərkəz hesab edirlər” – deyə Rtişşev bildirib.
O, iddia edib ki, ABŞ Afrikada nadir patogenlər üzərində tədqiqatlar aparır. Rus general onu da bildirib ki, ABŞ hətta tərəfdaşlarına belə Afrikadakı fəaliyyəti ilə bağlı heç bir məlumat verməyib.
Qeyd edək ki, general Rtişşevdən əvvəl Rusiyanın bu sahədə ən önəmli adamı İqor Krillov idi. Krillov ötən həftə Moskvada Ukrayna kəşfiyyatının evinin qarşısında skuterə yerləşdirdiyi bombanın partlaması nəticəsində öldürülüb.
TAHİR