Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...
Məhərrəm Zülfüqarlı: “İkinci Dünya müharibəsində Yaponiyanın hədələdiyi, ziyan vurduğu xalqlardan biri elə Koreyadır, bu səbəbdən də…”
Rusiya gələn il qeyd ediləcək 9 May - faşizm üzərində Qələbə Gününün 80-ci ildönümü ilə bağlı hazırlıqlara başlayıb. Bu barədə açıqlama verən Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov gələnilki Qələbə bayramının bir çox xarici ölkə liderinin iştirakı ilə keçiriləcəyini bildirib.
Bəzi ölkələrin öz liderlərini və hərbi birliklərini göndərməyə hazır olduğunu deyən Uşakov, paradda Şimali Koreya əsgərlərinin də iştirakının gözlənildiyini təsdiqləyib. Rusiyanın bir çox ölkəyə tədbirlərə qatılmaq üçün dəvət göndərdiyini vurğulayan Uşakov, hansı ölkələrin dəvət olunduğu barədə ətraflı məlumat verməyib.
Qeyd edildiyi kimi, hərbi paradda Şimali Koreya əsgərləri də iştirak edəcək. Məlumat üçün bildirək ki, 1941-1945-ci illərdə Şimali Koreya adında dövlət olmayıb. Xatırladaq ki, Şimali Koreya 1949-cu ildə yaranıb.
Maraqlıdır, 1941-1945-ci il müharibəsində bu ölkənin hər hansı bir töhfəsi olubmu?
“Rusiya parada Şimali Koreyanı dəvət edib, dəvətin məqsədi Koreya xalqına ürəyi yanmaq deyil, əsas niyyət gələcəkdə avtoritar rejimlə münasibətləri düzəltməkdir”
AVCİYA-nın eksperti, tarixçi-alim Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İkinci Dünya müharibəsinin üçbücağı olub. Həmin üçbucağa Almaniya, Yaponiya və İtaliya daxil idi: “Çin, Koreya və digər xalqlar bu müharibədən əziyyət çəkib. Koreya əsgərlərinin paradda iştirakı bununla bağlıdır. Ancaq sual olunur ki, Koreya tək Şimali Koreyadan ibarət deyil axı? Cənubi Koreya demokratik ölkədir və Rusiya ona düşmən mövqedədir. Şimali Koreya isə avtoritar, totalitar rejimdədir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, İkinci Dünya müharibəsində Yaponiyanın hədələdiyi, ziyan vurduğu xalqlardan biri elə Koreyadır. Bu səbəbdən də Rusiya parada Şimali Koreyanı dəvət edib. Dəvətin məqsədi Koreya xalqına ürəyi yanmaq deyil, əsas niyyət gələcəkdə avtoritar rejimlə münasibətləri düzəltməkdir.
Günel CƏLİLOVA