Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...
Siyasi böhranın dərinləşdiyi Fransada yeni hökumət elan edilib və bu, son bir ildə dördüncü hökumətdir. “Politico” nəşri qeyd edir ki, Fransanın yeni hökuməti tərkibinin ideoloji nöqteyi-nəzərdən əvvəlki kabinetə bənzəməsi səbəbindən uzun müddət işləyə bilməz.
Məqalədə qeyd olunur ki, Fransanın siyasi iflic vəziyyətində olduğunu, eləcə də ifrat sağçı və solçu qüvvələrin birləşmə ehtimalını nəzərə alaraq, yeni kabinet əvvəlki kimi kövrək görünür. Qəzet yazır ki, Fransanın yeni rəhbərliyinin təyin olunduqdan üç ay sonra etimadsızlıq votumu alan əvvəlki hökumətlə müqayisədə daha uzun müddət davam gətirəcəyinə zəmanət yoxdur. Nəşr kabinetin yeni tərkibinin respublikanın keçmiş baş naziri Mişel Barnyenin hökumətinə çox bənzəməsini əsas problem hesab edir. Belə ki, vəzifələrə əsasən mərkəzçi və mühafizəkar siyasətçilər təyin edilib. “Politico”nun qiymətləndirməsinə görə, Fransanın baş naziri Fransua Bayru daha geniş siyasi bazaya əsaslanmadığı üçün ilk böyük sınağında uğursuzluğa düçar olub. Nəşr qeyd edir ki, Fransadakı siyasi vəziyyət getdikcə populyarlığını itirən və idarəolunmaz xarakter almağa başlayan ölkəyə rəhbərlik edən prezident Emmanuel Makron üçün böyük problemlər yaradır. Bu isə Avropa İttifaqını da narahat edir, çünki ənənəvi olaraq bloku irəli aparan ikinci ən böyük iqtisadiyyat faktiki olaraq durğun vəziyyətə düşüb. Qeyd edək ki, Fransada Bayru hökumətinin tərkibi solçuların iştirakı olmadan, ancaq bir neçə makronistin iştirakı ilə açıqlanıb. Mişel Barnyenin dövründə olduğu kimi, yenə də Marin Le Penin qrupu arbitr mövqeyindədir.Bayru hökumətinin tərkibi açıqlandıqdan dərhal sonra bu hökumətin də ömrünün uzun olmayacağı səsləndirilir. 35 nazirdən ibarət hökumət elan olunandan dərhal sonra solçular və ifrat sağçı Milli Birlik partiyaları tərəfindən pislənildi, hətta sağçı Respublikaçı Partiyası tərəfindən tənqid olundu. Sonuncular Barnyenin sadiq tərəfdarları idi. Bildirilir ki, ədliyyəyə Jeral Darmanən, mili təhsilə Elizabet Born, gender bərabərliyinə Oror Berje, büdcəyə Ameli dö Monşalənin təyinatından, eləcə də keçmiş baş nazir, keçmiş sosialist Manuel Vallsın gəlişi ilə makronist tanınmışlar hökumətə qayıtdı. Parlamentarilərin buna münasibəti çox maraqlıdır: “Həqiqətən də dinozavr iyi gəlir və bu, V Respublikanın sona çatmasına səbəb olacaq". Bəziləri yeni hökuməti hətta “Barnye II” adlandırıb. Təyin edilmiş 35 nazirdən 19-u artıq Assambleya tərəfindən devrilmiş əvvəlki komandanın bir hissəsidir. Yeni daxil olanların üçdə biri artıq Emmanuel Makronun rəhbərliyi altında hökumətin üzvü olub.
Barnye hökumətində Respublikaçıların və Makron partiyası “Renaissance”ın müvafiq olaraq 10 və 11 portfeli, MoDem-in isə üç portfeli var idi. Buna görə də prezident partiyası bu yeni hökumətdə 12 nazirliklə üstünlüyü bərpa edir, Respublikaçılar altı nazirliyə, Fransua Bayrunun sədrlik etdiyi MoDem partiyası isə cəmi iki nazirliyə rəhbərlik edir.
Ancaq yeni hökumətdə solçular təmsil olunmur. Barnye hökumətinin süqutundan sonra Yelisey sosialistləri hökumətə daxil olmağa inandırmağa ümid edirdi. Çoxsaylı görüşlərə baxmayaraq, 2024-cü ilin dördüncü Baş naziri istədiyi kimi şəxsiyyətlərin üçdə birini sağdan, üçdə birini soldan, üçdə birini isə mərkəzdən təyin edə bilmədi. “Əyilməz Fransa” partiyasının lideri M.Pano artıq parlament yanvarda qayıdanda Bayru hökumətinə qarşı etiraz təklifi təqdim edəcəyi barədə xəbərdarlıq edib: “Bu, hökumət deyil, ifrat sağın nəzarəti altında hakimiyyətdə olan ifrat sağçı bir təxribatdır”. Sosialistlərin reaksiyalarını nəzərə alaraq, onlar üçün senzuraya doğru getməməyin çox çətin olacağı bildirilir. Marin Le Pen isə məsələ ilə bağlı bildirir: “Hökumət əvvəlki kimi, açıq şəkildə legitimliyin olmamasına və əldə edilə bilməyən çoxluğa əsaslanır. O, seçki qutusundakı seçimləri nəzərə alan bir büdcə qurmaq üçün metodunu dəyişməli, müxalifəti dinləməli və eşitməli olacaq”. Ölkədə siyasi böhran davam edir. Siyasi partiyalar arasında razılıq yoxdur. Sağların Fransanın Marin Le Penin razılığı ilə qurulan hökumətində iştirak etməkdən imtina etməsini əks etdirən mətbuat açıqlamasının “asta təsir edən zəhər” olduğu qeyd edilir. Yeni hökumətin də 3 aylıq ömrü olacağı vurğulanır. Sağların mətbuat açıqlamasının artıq yeni hökuməti öldürdüyü qeyd edilir. Solun dəstəyindən məhrum olan Fransua Bayru sağın dəstəyi ilə qarşılaşmalı olacaq. Respublikaçı senator Sedrik Vial qeyd edir: “Hökumətdən ayrı-ayrılıqda dəstək tələb edəcəyik və nəzərə alınmazsa, onu tərk edəcəyik. Mişel Barnye hökumətini dəstəklədiyim üç aylıq fasilədən sonra mən yenidən müxalifətdəyəm". Ekspertlər Barnye dövründə makronistləri və sağları bir araya gətirən bazanın getdikcə dağıldığını vurğulayırlar. “Le Monde” qəzeti yazır ki, bütün bunlar Makron üçün əlavə problemlər deməkdir. prezident administrasiyasının keçmiş və indiki əməkdaşları Makronu narahat edən araşdırmalar aparan media və ya jurnalistləri gözdən salmağa çalışırlar. “Le Monde” yazır ki, rəsmi şəxslər sosial şəbəkələrdə onlara qarşı mütəşəkkil kampaniyalar aparırlar.
Tahir TAĞIYEV