Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı
Aktauda qəza enişi edən təyyarədə 5 nəfər ekipaj üzvü də daxil olmaqla, 67 sərnişin olub.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ilkin məlumata əsasən, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb.
Hadisə yerinə 150 əməkdaş və 45 texnika cəlb edilib. Sərnişinlərin tam siyahısı dəqiqləşdirilir.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
ZÜMRÜD