Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı
Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi xüsusi nəzarətindədir. Trend xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Baş Prokurorluğundan məlumat verilib.
"Baş Prokurorluq Azərbaycan aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaq üçün idarələrarası istintaq-əməliyyat qrupunun yaradıldığını elan edir. Xüsusi prokurorların rəhbərlik etdiyi qrupa nəqliyyat prokurorluğu, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları daxil edilib", - deyə Baş Prokurorluqdan bildirilib.
Baş Nəqliyyat Prokuroru hökumət komissiyasının tərkibində hadisə yerinə göndərilib.
"Qazaxıstan Respublikasının Baş prokuroru istintaqı xüsusi nəzarətə götürüb", - Baş Prokurorluqdan bildirilib.
Qazaxıstan polisi də AZAL-ın Bakıdan Qroznıya uçan təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb.
"Hadisə yerinə Daxili İşlər Nazirliyinin, nəqliyyat polisinin və prokurorluğun nümayəndələri gedib. Hadisənin səbəblərinin müəyyən edilməsi davam edir, Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 344-cü maddəsi ("Nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda") əsasında ibtidai istintaqa başlanılıb", - deyə Qazaxıstan DİN-dən bildirilib.