Cəhri qəsəbəsində 2 nömrəli məktəbin bağlanması xəbərlərinə aydınlıq gətirildi...
Bəzi informasiya saytlarında Babək rayonunun Cəhri Qəsəbə 2 nömrəli tam orta məktəbi ilə bağlı həqiqətəuyğun olmayan informasiyalar yayılıb.
Məsələ ilə bağlı Naxçıvan Şəhər Təhsil Şöbəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu barədə sosial mediyada yayılan məlumatlar əsasızdır.
"Məktəb bağlanmır, sadəcə məktəb binası texniki cəhətdən istismar üçün yararsız olduğundan kollektiv Cəhri Qəsəbə 1 nömrəli tam orta məktəbə köçürülüb.
Belə ki, məktəb binasında yaranmış çatlar və bəzi sinif otaqlarının tavanında suvaq qatının uçması səbəbindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna müraciət olunub.
“Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun Naxçıvan şəhər filalının mütəxəssisləri tərəfindən məktəb binasına texniki baxş keçirilib.
Mütəxəssislərin rəyinə əsasən, məktəb binasının texniki cəhətdən istismar üçün yararsız olduğu, həmçinin, məktəb binasının konstruksiya elementlərinin bərpa-gücləndirilməsi və əsaslı təmiri həm iqtisadi həmdə texniki cəhətdən səmərəsiz hesab olunub.
Növbəti illlərdə məktəb binası üçün layihələndirmə işlərinin aparılması və yeni binanın tikintisinə başlanılması nəzərdə tutulub.
Əlavə olaraq qeyd edirik ki, məktəbin bağlanması və təhsilalanların dərs saatının azalmasından söhbət getmir və dərs cədvəlinə uyğun olaraq müəllimlər ikinci növbədə Cəhri Qəsəbə 1 nömrəli məktəbdə tədrisi təşkil edirlər. Bir daha qeyd edirik ki, informasiya resruslarında yayılan məlumat həqiqəti əks etdirmir və cəmiyyəti çaşdırmağa xidmət edir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin və şagirdlərin təhlükəsiz şəraitdə tədris prosesində iştirakı daim diqqətdə saxlanılır", - qurumdan bildirilib.
O da qeyd edilib ki, məktəb binalarının şəkillərini xoş olmayan məqsədlərə xidmət etməklə montaj edilib yayımlanması məktəbə, həmçinin, pedaqoji heyətə, şagirdlərə, valideynlərə hörmətsizlikdir və jurnalist etikasına xas olmayan hərəkətlərdir.
"Həqiqətə uyğun olmayan bu tipli informasiyalar son dövrlərdə ölkəmizdə təhsil sahəsində aparılan qanunauyğun və məqsədyönlü tədbirlərə kölgə salmaq məqsədi daşıyır".