Ermənistandan yeni pozucu təklif - Müstəqillik bəyannaməsini dəyişib çərçivə sazişi imzalayaq...
Azərbaycanla Ermənistan arasında müzakirələrdə müsbət tendensiyanın sülh sazişi ilə nəticələnməsinə bu gün dünyada da böyük maraq olduğu müşahidə edilir. Məsələ burasındadır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi Qafqaz regionunda sakitliyi və sabitliyi təmin edəcək.
Bunlar fonunda ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT Nazirlər Şurasının Maltada keçirilən iclasında çıxışı zamanı qeyd edib: "Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin preambulası və 17 maddədən 15-i üzrə razılığa gəliblər".Nazir bildirib ki, Ermənistan Bakı ilə münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir. O qeyd edib ki, Ermənistan Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Xatırladaq ki, dekabrın 4-də parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sazişin mətninin 90%-nin razılaşdırıldığını bildirib. Amma sülhün əldə edilməsi yenə ermənistan üzündən ləngiyir. Xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasında çıxışı zamanı bir daha buna aydınlıq gətirib: “Əldə olunan tərəqqiyə baxmayaraq, normallaşma istiqamətində həll olunmamış problemlər də qalmaqdadır. Onun yekunlaşdırılması Ermənistanın hələ də konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit edilmiş ərazi iddialarını aradan qaldırmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməklə bağlı bəyan etdiyi öhdəliyini əməli surətdə həyata keçirməsindən asılıdır. Sülh və mehriban qonşuluq münasibətləri Ermənistan konstitusiyasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasının şübhə altına alındığı və ikitərəfli sazişin icrasının Ermənistanın daxili hüquqi və ya siyasi ssenarilərindən asılı olacağı təqdirdə, davamlı və dönməz ola bilməz. Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanının olduğu bu həlledici məqamda bütün səylər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin başa çatmasına yönəldilməlidir”. C.Bayramov vurğulayıb ki, Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir, buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyir. Bu arada daha bir maraqlə məqam da üzə çıxıb ki, Ermənistanda sülh danışıqları ilə bağlı məlumat sızdırmaları da barışa əngəl yaradan əsas faktorlardan biri olub. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan da təsdiq edib. O etiraf edib ki, bir sıra hallarda Azərbaycanla danışıqlar erməni tərəfinin məlumat sızdırması səbəbindən uğursuz olub. Onun sözlərinə görə, məlumat sızıntısının günahkarı Ermənistanın hakim partiyasının deputatı Ovik Aqazaryandır: “Baş nazir Nikol Paşinyan gəlib bizə Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün təfərrüatlarını danışır, baş nazir dövlət sirri olan məlumatları bölüşür. O isə bütün bunları açıqlayır. Bu, normaldırmı?”.
Spiker qeyd edib ki, Ermənistan hakimiyyəti bir ildən çox məlumat sızıntısının mənbəyini axtarıb: "Biz bir ildən çox idi ki, sızıntının mənbəyini axtarıb tapmağa çalışırdıq. Partiya məsələləri olsa idi, yenə dərd yarı idi. Amma söhbət Ermənistanın təhlükəsizliyindən gedəndə, bu məsələni belə saxlamaq olmaz. Bir müddət əvvəl elə hallar olub ki, Azərbaycanla danışıqlar pozulub, münasibətlər gərginləşib. Biz, şərti desək, ola bilsin razılaşmaları pozmuşuq, ucadan nə isə demişik, məlumat sızdırmışıq. Bundan sonra get sübut elə ki, bu fraksiyanın üzvü müsahibəni və ya məlumatı qəsdən yox, səhvən verib”. Qeyd edək ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyası deputat Ovik Aqazaryanı bir neçə gün əvvəl sıralarından xaric edib. İdarə Heyətinin qərarı ilə Ovik Aqazaryan dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə “Vətəndaş müqaviləsi”ndən xaric edilib. İndilikdə isə Ermənistan konstitusiyasında ölkəmizə qarşı iddia sülhə ciddi əngəl yaradır. Amma hesab edilir ki, sülh üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan əsassız ərazi iddialarının aradan qaldırılması ilə bağlı öhdəlik götürə bilər. Bu halda hansısa sənədin imzalanması realdır. Ümumən isə Ermənistan konstitusiyasındakı əsassız iddiaları aradan qaldırmaq üçün referendum keçirilməlidir. Amma buna qədər Ermənistanın müstəqillik bəyannaməsindəki müddəaları aradan qaldırmaq olar. Ermənistan parlamentinin bununla bağlı qərar verməsi mümkündür. Elə sülh sənədi imzalanarkən Ermənistan hökuməti bununla bağlı öhdəlik götürməlidir. Referendum keçirmədən isə Ermənistan konstitusiyasındakı preambulanı dəyişmək olar. Yekun razılaşmaya qədər tərəflərin çərçivə sazişini imzalaması da mümkün hesab olunur. Rəsmi İrəvanın məhz çərçivə sazişi ilə üzərinə iki öhdəlik götürməsi mümkündür. İlk növbədə imzalanacaq sənədin daxili qanunvericilikdə nəzərdə tutulmuş qərarlardan daha üstün olduğu qeyd olunacaq. Eyni zamanda Ermənistan yaxın zamanlarda konstitusiya dəyişikliyinə gedəcəyi ilə bağlı öhdəlik götürməlidir. Delimitasiya və demarkasiyanın, kommunikasiya xətlərinin açılması kimi prinsiplərin çərçivə sazişində əks olunması mümkündür. ReAl Partiyasının sədri Natiq Cəfərli bununla bağlı qeyd edir: “İndi çərçivə sazişinin imzalanması daha yaxın görünür. İlin sonuna kimi belə bir razılaşmanın əldə edilməsi o qədər də real deyil. Çox şey ilin sonuna kimi dünyadakı bəzi proseslərin necə yekunlaşmasından asılıdır. Ən azından, yeni seçilmiş ABŞ prezidenti Donald Trampın and içib fəaliyyətə başlamasına ehtiyac var. Çünki çərçivə razılaşmasının Amerikanın iştirakı ilə əldə edilməsi daha realdır. Bu da Trampın “dünyaya sülh gətirirəm” tezisinin təsdiqi ola bilər. Hazırda hər iki tərəf məsələlərin böyük əksəriyyətini razılaşdırıb. Ona görə də indi həll olunan ən asan məsələ məhz budur”. Hər halda, proseslərin inkişaf axarı yaxın tezlikdə bəlli olacaq.
Ramil QULİYEV