Bəzi region dövlətləri Qərblə mübarizədə Gürcüstanı müdafiə etmir... Kimlər nə oyun aparır...
Elşad Musayev: "Qonşu ölkələr gürcü xalqının seçiminə hörmət edərək hadisələrin finalını gözləyir"
Gürcüstanda hökumətin qərarına etiraz edən vətəndaşlar yenidən paytaxt Tbilisidə etiraz aksiyası keçirirlər. Aksiya iştirakçıları parlament binası önünə toplaşıblar.
Yüzlərlə insanın iştirak etdiyi Rustaveli prospekti bağlanıb.
Qeyd edək ki, parlament binasının ətrafına çox sayda xüsusi təyinatlı dəstə və bir neçə su reaktiv maşını cəlb olunub. Bundan başqa, ölkənin digər bir sıra böyük şəhərlərində də etiraz aksiyaları davam edir.
Məlumat üçün bildirək ki, aksiya iştirakçıları hökumətin 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 4 il müddətinə dayandırlması qərarına etiraz edirlər.
Qərbin Gürcüstanda keçirilən seçkilərin nəticələri ilə barışmayacağı bəlli idi. 29-30 noyabr tarixlərində Tiflisdə keçirilən etiraz aksiyaları da bunu sübut edir. Düzdür, aksiyaların səbəbi kimi daha çox Gürcüstan Baş naziri İrakli Kobaxidzenin ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırması və qrantlardan imtina etməsi göstərilsə də, proseslərin Qərbdən idarə edildiyi bəllidir.
Konkret olaraq Gürcüstan hökumətinin pozucu Qərb qüvvələri ilə mübarizəsinə region ölkələri (Azərbaycan. Rusiya, Türkiyə, İran, Ermənistan) necə dəstək verə bilir? Hazırda bunlardan kim hansı mövqeni tutur?
Baki-xeber.com-a açıqlamasında siyasi şərhçi Elşad Musayev bildirdi ki, Gürcüstanda gərgin küçə mübarizəsi gedir: "Bir tərəfdə Qərbi dəstəkləyən müxaliflər, digər tərəfdə isə Qərbdən imtina edən iqtidar dayanıb. İqtidar daha çox Rusiyanın çətiri altında olan İvanişvilinin tərəfdarlarından ibarətdır. Qərb Gürcüstanda çox ciddi şəkildə is aparır, ölkənin daxili işlərinə müdaxilə edir. Müxalifətə Avropa ölkələrindən çox ciddi dəstək var. Gürcüstan prezidenti də müxalifətin tərəfindədir.
Təbii ki, Gürcüstandakı qarışıqlıq qonşu ölkələr üçün də narahatlıq doğurur. Bu ölkədə nə qədər hüzur və sabitlik olarsa bir o qədər yaxşıdır. Ona görə də qonşu ölkələr bu hadisələri diqqətlə izləyir.
Rusiya maraqlıdır ki, iqtidar bu hökumət böhranından çıxa bilsin və Gürcüstan onun nəzarətində olsun. Türkiyə üçun kimin iqtidarda olması vacib deyil, Ankara üçün əsas məsələ sakitlik və sabitlikdir. Ermənistan istəyir müxalif qüvvələr hakimiyyətə gəlsin ki, rəsmi İrəvan Cənubi Qafqazda "ağ qarğa" kimi Qərb tərəfdarı olaraq tək qalmasın. Azərbaycan üçün də gürcü xalqının seçimi və sabitliyin olması əsas məsələdir. Çünki bizim Avropaya uzanan enerji və BTQ dəmir yolu dəhlizimiz Gürcüstandan keçir. Ona görə də biz sabitliyin ən qısa müddətdə təmin edilməsini istəyirik.
Qərbdən fərqli olaraq, Gürcüstanin qonşusu olaraq biz onun daxili işlərinə qarışmaq fikrində deyilik. Ola bilsin ki, Rusiyadan hakim "Gürcü Arzusu" partiyasına, Ermənistandan isə müxalifətə dəstək var. Qalan qonşu ölkələr gürcü xalqının seçiminə hörmət edərək hadisələrin finalını gözləyir".
Dəniz NƏSİRLİ