ABŞ-ın Gürcüstana daha güclü təzyiqləri başladı...
Azər Həsrət: "ABŞ Gürcüstanın daxilindəki proseslərə heç bir şəkildə qarışmamalıdır"
Gürcüstan hökumətinin atdığı addımlar fonunda Amerika Birləşmiş Ştatları Gürcüstanla strateji tərəfdaşlığı dayandırır. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller sosial media hesabında qeyd edib.
Bundan başqa, Gürcüstanın ABŞ-dakı səfiri Davit Zalkanianinin istefa verdiyi barədə də məlumatlar yayılıb.
Məlumat üçün bildirək ki, son iki gündə ölkədə yeni etiraz dalğası hökm sürür. Kütləvi etiraz dalğasına İrakli Kobaxidzenin Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilədək ölkənin gündəmindən qaldırılması ilə bağlı bəyanatı səbəb olub.
ABŞ-ın bu addımını Gürcüstanın iradəsinə təzyiq kimi dəyərləndirmək olarmı? Bunu Gürcüstanın daxili işlərinə zorakı müdaxilə saymaq olarmı?
Baki-xeber.com-a bununla bağlı açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirdi ki, ümumiyyətlə, bir dövlətin başqa bir dövlətin daxilindəki siyasi proseslərlə bağli belə bir qərar verməsi etik deyil: "ABŞ Gürcüstanın daxilindəki proseslərə heç bir şəkildə qarışmamalıdır.
O normalda neytral dayanıb, nəticələri gözləməlidir. Təkcə Amerika deyil, bütün dövlətlər bu qaydaya əməl etməlidirlər. Gürcü xalqının iradəsi belə vəziyyətdə hər şeydən üstün tutulmalıdır.
Əhalinin bir kəsimi Qərbə inteqrasiya tərəfdarıdır, böyük bir kəsimi də bunun əleyhinədir.
Hazırda ölkədə etiraz aksiyaları keçirilir. Bir tərəfdə dövlət öz üzərinə düşəni yerinə yetirir, digər tərəfdə isə etirazçılar küçələrdədir. Yəni ABŞ zorla Gürcüstan dövlətini nəyəsə məcbur edə bilməz və bunu etməməlidir. Bu etik deyil - nəticəni gözləsinlər, nə bas verəcək, bu hadisələr hara aparacaq, bunlar aydınlasmalıdır. Bundan sonra xarici ölkələr Gürcüstanla necə davam edəcəkləri barədə qərar verə bilərlər. Amma indiki şəraitdə bunu etmək tərəflərdən birini dəstəkləməkdir, proseslərə xaricdən müdaxilədir. Yəni xarici müdaxilə ölkənin icindəki prosesləri idarə etməyə yönəlib. Ona görə də, fikrimizcə, bu məsələdə ABŞ həddən artıq irəli gedib, pis örnək verir. Təəssüflər olsun ki, Bayden administrasiyasının analoji vəziyyətlərdə belə addımlar atması ilk deyil".
Dəniz NƏSİRLİ