TDT-nin "Made in Turan" brendi radikal-millətçi Qərbdə necə qarşılanacaq?..
Xalid Kərimli: “Türk dövlətlərini ticari cəhətdən birləşdirən bu brendin yaradılması iqtisadiyyata təsir edəcək”
Türkdilli ölkələrin məhsulları "Made in Turan" brendi ilə bazara çıxarılacaq. Bu barədə Turan E-Ticarət və İxracat Forumu çərçivəsində “Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov deyib. O bildirib ki, bu tədbirdə "Made in Turan" markası ilə ilk məhsullar təqdim edilir.
"Made in Turan" qida, qeyri-qida məhsullarını, ümumilikdə bir sıra əmtəə və xidmətləri nəzərdə tutur. Qeyd edək ki, Azərbaycanda ilk dəfə "Founder Club" və Azərbaycan Françayzinq Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin tanıdılmasına həsr olunmuş Turan E-Ticarət və İxracat Forumu keçirilir.
Qeyd etdiyimiz kimi, "Made in Turan" brendi dünya bazarına çıxacaq. Maraqlıdır, Qərb ölkələri “Turan” brendini qəbul edəcəkmi? O da bəllidir ki, bəzi xristian ölkələrində Turan termininə qarşı allergiya var. Onlar elə bilir ki, bu, Osmanlı imperiyasının və ya İslam xilafətinin bərpasıdır. Bu səbəbdən də gələcəkdə Qərb dünyasının bu brendlə bağlı hər hansı bir problemi olacaqmı?
“Made in Turan” brendini hansısa Qərb ölkələrinin qəbul etməməsi bu brendin yaradıcılarını elə də maraqlandırmır, onların əsas missiyası…”
Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanın təşəbbüsü ilə türk dünyası markalarını birləşdirən “Made in Turan” brendi yaradılıb. Türk dövlətlərini ticari cəhətdən birləşdirən bu brendin yaradılmasının iqtisadiyyata təsir edəcək: “Brendin arxasında hansı məhsul və xidmətlər duracağı, bu məhsul və xidmətlərin hansı keyfiyyətdə olacağı, alıcıların bunu necə qəbul edəcəkləri əsas məsələlərdəndir. Brend özünü təsdiq etdikdən sonra iqtisadiyyata da müsbət təsir göstərə bilər. O özündə etibar yaratmasa, məsələn, alman markaları kimi əhəmiyyətli olmasa, heç bir təsir göstərməyəcək. Dövlətlər yaratdığına görə güman və ümid edirəm ki, brendin inkişaf etdirilməsi və reputasiyasının formalaşdırılması istiqamətində işlər də planlı şəkildə həyata keçiriləcək. Hər şey brendin necə inkişaf etdirilməsindən, necə papulyarlaşdırılmasından və reputasiya qazanmasından asılıdır. Reputasiyası yaxşı olacaqsa, alıcılara hörmət ediləcəksə brend adı altında buraxılan məhsulların satışında, realizasiyasında uğurlu nəticələr olacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, “Made in Turan” brendini hansısa Qərb ölkələrinin qəbul etməməsi bu brendin yaradıcılarını elə də maraqlandırmır. Onların əsas missiyası bu brend altında təqdim edilən məhsulların dünya bazarında özünə yer tapmasıdır: “Nəzərə almaq lazımdır ki, dünya nə Qərb, nə də xristian ölkələrindən ibarətdir. Bu brend altında təqdim edilən məhsul və xidmətlərin rəqabətə davamlı olması önəmlidir. İlk olaraq “Made in Turan” brendi Mərkəzi Asiya və Türkiyədə yayılıb təsdiqini tapmalıdır. Brend özünü təsdiq edərsə Qərb də qəbul edəcək”.
Günel CƏLİLOVA